app.update_app_description
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib.
AYNA-dan Oxu.Az-a verilən məlumata görə, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb. Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Qeyd edilib ki, dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
Ərazidə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Beləliklə, Yusif Səfərov küçəsindəki geriyədönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Xatırladaq ki, əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyədönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyədönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.