“Azərbaycan hansısa hərbi bloka üz tutmayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın BRİKS-ə üzv olmaq üçün müraciətini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, Azərbaycan Kazandakı konfransda BRİKS-ə üzv olacaq.
“Azərbaycan BRİKS-ə üzv olmaq üçün iki mərhələni keçib. Hesab edirəm ki, Kazandakı konfransda Azərbaycanın üzvlük məsələsi öz həllini tapacaq.
BRİKS dünyanın ən böyük iqtisadi güclərini bir araya gətirən təşkilatlardandır. Çin, Hindistan, Rusiya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr bu təşkilatın üzvləridir. Bu təşkilata üzvlük iqtisadi baxımdan Azərbaycana dividentlər gətirəcək”, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, Putinin Azərbaycan səfərindən sonra bu müraciətin edilməsi bəzi iddialar da ortaya atdı.
“Bir çoxları düşünür ki, Azərbaycan hansısa hərbi bloka da üzv olmaq üçün addım ata bilər. Hesab edirəm ki, bu baş verməyəcək”, – deyə o qeyd edib.
Səxavət Məmməd