“Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
O, ittiham nitqi ilə çıxış edərək məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses sentyabrın 16-da davam edəcək.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.