“Türkiyə uzun illər Qərb və Şərq blokları arasında ilişib qalmaqdan əziyyət çəkib. Xüsusilə Soyuq müharibə dövründə bir Qərb ölkəsi olaraq, SSRİ-nin tam yanında sovet işğalı riski ilə üzləşməyimizlə yanaşı, digər tərəfdən də Qərb bloku Türkiyənin SSRİ tərəfindən işğal edilə biləcək bir dövlət kimi gördüyü üçün Ankaraya lazımi sərmayələri yatırmaqda çox ləng hərəkət etdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri. Professor Hasan Oktay deyib.
Analitik Türkiyənin BRICS-ə qoşulmaq üçün müraciət etməsi haqqında yayılan informasiyaları şərh edib.
H.Oktay diqqətə çatdırıb ki, Türkiyə uzun illərdir ki, nüvə obyekti əldə etmək üçün Qərblə uzun danışıqlar aparıb, lakin Qərb Türkiyənin işğal oluna biləcəyini nəzərə alaraq, bu texnoloji sərmayələri Türkiyəyə yatırmaqdan uzaq dururdu:
“Texnologiyanın SSRİ-nin əlinə keçəcəyi narahatlığından yaranan bu vəziyyət Türkiyəni Qərb bloku ilə Şərq bloku arasında çox zəiflətdi. Soyuq müharibə başa çatdıqdan sonra Türkiyə Qərb blokunda olsa da, keçmiş sovet coğrafiyası ilə yaxşı əlaqələr qurub, iki blok arasında transferə nail olmaqda uğurlarını nümayiş etdirib. Türkiyə indi Qərbə və Rusiyaya açıq şəkildə göstərdi ki, Soyuq müharibə dövrü başa çatıb və Türkiyənin dünyanın hər bir bloku ilə münasibət qura bilər”.
Professora görə, Türkiyə NATO üzvü olduğu və Avropa Birliyinə daxil olmaq üçün böyük səylər göstərdiyi halda, Rusiya ilə münasibətlərin ən yüksək səviyyədə qurulmasının uğurunu da nümayiş etdirib:
“Bu uğurunu və Avropa Birliyinə daxil olmaq iddialarını davam etdirən Türkiyə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük qlobal təşkilatlara üzv olmaqla yeni əlaqələr yaradaraq potensialını gücləndirmək istəyir. Bu yeni axtarışlar Türkiyənin NATO-dan çıxması və ya Avropa Birliyinə daxil olmaq istəyindən əl çəkməsi demək deyil. NATO, Avropa Birliyi, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Türkiyənin qurduğu Türk Dövlətləri Təşkilatı dünyada yüksək nüfuza malik təşkilatlardır və Türkiyə bu qurumlarda fəal rol oynayır”.
Xatırladaq ki, nüfuzlu “Bloomberg” nəşri qeyd edib ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istədiyi üçün inkişaf etməkdə olan BRICS-ə qoşulmağa müraciət edib.
Rafi Müslümov