AZ

Qərbi Azərbaycan mühacir hökumətinin gerbi, bayrağı necə olacaq?

Image

“Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdi. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.

Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq...” 

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Mühacir hökuməti necə olacaq? Bunu necə təsəvvür edirlər? Hökumətin xarici əlaqələri necə qurulacaq? Azərbaycan dövləti və hökuməti ilə mühacir hökumətin münasibətləri necə qurulacaq? Mümkündürmü ki, Qərbi Azərbaycan mühacir hökuməti ilə Azərbaycan hökuməti və Azərbaycan dövləti arasında hansısa sənədlər imzalansın? Qərbi Azərbaycan mühacir hökumətinin gerbi, bayrağı necə olacaq?

Məhərrəm Zülfüqarlı: “Azərbaycan hökuməti ilə Qərbi Azərbaycan mühacir hökuməti arasında sənədlər də imzalana bilər” 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mühacir hökumətlərin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə var, yaradılması planlaşdırılan Qərbi Azərbaycan Mühacir Hökumətinin də bütün hüquqları beynəlxalq aləmdə tanınmalıdır.  “Mühacir hökumətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə var. Məsələn, özümüzdən götürsək, Azərbaycan Xalq Cumhuriyyətinin Məhəmməd Əmin Rəsulzadə başda olmaqla liderləri mühacirətdə fəaliyyət göstəriblər. Eyni zamanda  Polşanın mühacir hökumətinin İngiltərədəki, 1945-1946-cı il Cənubi Azərbaycan hökumətinin Sovet Azərbaycanında fəaliyyətlərini davam etdirməsi buna nümunə olaraq göstərə bilərik. Amma bunlar bizim Qərbi Azərbaycan İcmasının yaradacağı mühacir hökumətdən fərqlidir. Birincisi ona görə ki, bu birbaşa Azərbaycanın özündə fəaliyyət göstərəcək. Azərbaycan Prezidenti də bütün çıxışlarında bəyan edib ki, o təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının hüquqlarını müdafiə edən Prezidentdir. Bu, eyni zamanda Cənubi Azərbaycandakı azərbaycanlılara və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılara aiddir. Burda fəaliyyət daha geniş ola bilər. Azərbaycan hökuməti ilə Qərbi Azərbaycan mühacir hökuməti arasında sənədlər də imzalana bilər. Bu mümkündür. Yəni müəyyən öhdəliklər götürsün. Çünki dünya siyasəti elədir ki, ona uyğun olaraq bu prosesə güclü dəstək də vermək, müəyyən məqamlarda dayanmaq da olar. Ona görə də bunlar sənədlərlə tənzimlənməlidir ki, gələcəkdə mühacir hökumət bu məsələdə bir az passivlik göstərəndə məhz həmin sənədlərə əsaslanıb fəaliyyət daha da genişləndirilsin. Mühacir hökumətinin fəaliyyəti ilə bağlı nə lazımdırsa, onu həyata keçirmək lazımdır. Hesab edirəm ki, mühacir hökumətin xarici əlaqələrinin formalaşmasına Azərbaycanın xaricdəki səfirlikləri də dəstək verməlidir. İndiki dövrdə buna çox böyük zərurət var. Qərbi azərbaycanlıların geri qayıdışı, dədə-baba yurdlarına qayıtması məsələsi aktualdır. Azərbaycan hökuməti də buna hər cür dəstək verməyə hazırdır. Mənə belə gəlir ki, bu kampaniya xarakteri daşımamalıdır, məqsədyönlü bir fəaliyyəti olmalıdır”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlının bildirdiyinə görə, Qərbi Azərbaycan problemi çoxdan mövcud olsa da, çox təəssüf ki, Sovet hakimiyyətinin qoyduğu qadağalar bu problemin həllinə imkan verməyib. O hesab edir ki, sonradan da Qarabağ problemi bu məsələni bir qədər arxa plana keçirib. M.Zülfüqarlı bildirdi ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən və 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Qarabağ problemi həll olundu. "Bundan sonra artıq Qərbi Azərbaycan məsələsi aktuallaşdı. Demək istəyirəm ki, bu əvvəldən də aktual olmalı, dünyanın diqqətinə çatdırılmalı idi. Amma çox təəssüf ki, dediyim səbəblərdən bunu etmək mümkün olmadı. Gec də olsa, bu işə başlanılması alqışlanmalıdır. Bunun ən müsbət cəhəti ondan ibarətdir ki, Qərb ölkələri bizim qarşımıza Qarabağdan gedən ermənilərin qayıtması məsələsini qoyursa, biz də Qərbi Azərbaycan məsələsini beynəlxalq gündəmə çıxarmalıyıq. Halbuki, ermənilərin özləri könüllü şəkildə çıxıb gediblər, amma azərbaycanlılar döyülərək, şikəst edilərək, öldürülərək zorla deportasiya ediliblər. Bütün əmlaklarını da itirərək Azərbaycana gəliblər. Amma buna baxmayaraq, beynəlxalq təşkilatların, böyük dövlətlərin qarşısına məsələ qoymalıyıq ki, əgər siz Qarabağdan köçüb getmiş ermənilərin qayıdıb Azərbaycanda yaşamasını istəyirsinizsə, Qərbi Azərbaycandan zorla deportasiya olunmuş azərbaycanlıların da ora qayıtması məsələsinə mütləq baxılmalıdır”.

M.Zülfüqarlı hesab edir ki, Qərbi Azərbaycan Mühacir Hökuməti yarandıqdan sonra bu məsələni dövlətimizin daxili siyasi və xarici diplomatiyası nəticəsində dünyanın diqqətinə çatdıra bilərik. M.Zülfüqarlının fikrincə, yeni yaranacaq mühacir hökumətinin özünün atributları, bayrağı, gerbi olmalıdır, bununla bağlı nümunələr var ki, ondan da istifadə etmək mümkündür. M.Zülfüqarlı deyir ki, mövcud örnəklərə baxıb onlardan istifadə etmək olar. “Qərbi Azərbaycan İcması güclü təşkilatdır, onlara yalnız tövsiyələr vermək olar. Orda güclü tarixçilər də, siyasətçilər də, başqa sahələrdə təmsil olunan insanlar da var. Mənim təklifim belədir ki, mühacir hökumətin atributlarında Azərbaycanın üçrəngli bayrağından, səkkiş güşəli gerbindən və ayparadan mütləq istifadə olunmalıdır. Bir də ki, bunun necə olacağına icma özü qərar verə bilər”-deyə M.Zülfüqarlı əlavə etdi.   

Qabil Hüseynli: “Bu mühacir hökumət özünün parlamentini qurmalıdır...” 

Politoloq Qabil Hüseynli də bizimlə söhbətində  “Qərbi Azərbaycan Mühacir Hökumətinin qurulması hələ bir az da gecikib. Çünki Qərbi azərbaycanlıların öz doğma torpaqlarından qovulması prosesinin ən azı yüz illik bir tarixi var. Doğrudur, Sovet hakimiyyəti illərində belə bir ideyanı irəli sürmək mümkün deyildi, ermənilərin narahat olmaması üçün buna Sovetlər imkan verməzdi də”- deyə bildirdi.

Politoloqun fikrincə, bu gün Azərbaycan Prezidenti artıq məsələləri öz axarına salır. Qərbi Azərbaycandan indiyə qədər 6 deportasiya olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, 1828-ci ildən üzü bu yana indi ermənilərin yaşadıqları bütün ərazilərdə azərbaycanlılar yaşayıb və sonra onların hamısı öz doğma yurdlarından deportasiya olunub, sonunci deportasiya isə 1988-1990-cı illərdə olub. Q.Hüseynli qeyd etdi ki, təxmini hesablamalarına görə, həmin torpaqlardan deportasiya edilən insanların sayı 1 milyon nəfərdən  çoxdur. Politoloqun sözlərinə görə, öz yurdlarından qovulmuş Azərbaycan indiki İranın Urmiya şəhərinə, qardaş Türkiyənin Qars, İqdır və başqa bölgələrinə, eləcə də Şimali Azərbaycana sığınıblar. Hazırda Şimali Azərbaycanda Qərbi azərbaycanlıların sayının 1 milyona yaxın olduğunu deyən Q.Hüseynli qeyd etdi ki, bizim ərazilərə gəlmə olan ermənilər rəqəmləri şişirdərək Qarabağda yaşamış ermənilərin sayını 110 min nəfər göstərməyə çalışırlar. “Onlar vaxtilə orada özlərinə qondarma hökumət yaratmışdılar, oyuncaq parlament seçkiləri keçirirdilər, gerb, digər “dövlət atributları” qondarmışdılar, hamısı da uydurma. 

Amma biz haqqımız ola-ola niyə bu işləri görməyək, Ermənistanın indiki ərazisinə iddialarımızı daha möhkəmləndirməyək? Böyük cəsarətlə iki ayağımızı bir başmağa dirəyib deməliyik ki, erməniləri indiki ərazilərə ruslar gətiriblər, ruslar onları qoruyublar, sonradan onların dövlətləşməsinə çalışıblar. Əvvəllər “erməni vilayəti” yaradıblar, sonra da Ermənistan adlı dövlət qurublar. Bunlar məlumdur. 

Qərbi azərbaycanlılar tam əsaslarla, beynəlxalq hüququn bütün normalarına uyğun olaraq özlərinin hökumətini qura bilərlər və qurmalıdırlar. Bu mühacir hökumət dədə-baba yurdlarından qovulmuş, deportasiya edilmiş, uzun illər zillət içərisində yaşamış insanların hökumətinə çevrilməlidir. Bu mühacir hökumət özünün parlamentini qurmalıdır, parlamentə seçkilər keçirməlidir. Yaxud iki variantdan birini seçməliyik: ya parlamentli hökumət, ya da prezidentli hökumət. Parlamentin içərisindən bir nəfəri həmin mühacir hökumətinin perzidenti, başçısı kimi seçməliyik, yaxud da ki, prezidnet seçkiləri də, parlament seçkiləri də ayrı-ayrılıqda keçirilməlidir. Qərbi azərbaycanlıların çoxluq təşkil etdiyi yerlərdə isə bələdiyyələr qurulmalıdır. Məsələn, Tərtər rayonunda əhalinin 65-70 faizi Qərbi Azərbaycandan deportasiya edilmiş adamlardır. Ordan deportasiya edilmiş insanların bələdiyyəsini yarada bilərik. Biz bunu qurmaqla burada  əbədi yaşamaq istəyimizi reallaşdırmaq fikrində deyilik, biz bunu mühacirətdə olan hökumət qaydalarına uyğun hökumət kimi yaratmalıyıq. Hökumətin parlamenti də, prezidenti də, nazirlər kabinetinin üzvləri də, bələdiyyələr də həmişə beyinlərində bu fikri möhkəmləndirməlidirlər ki, onlar bu torpaqlara Qərbi Azərbaycandan zorla qovularaq köçürülüblər, doğma Azərbaycan onlara isti qucağını açıb, günlərin bir günündə şərait olanda onlar yenidən həmin torpaqlara qayıtmalı və o torpaqları isti nəfəsləri ilə qızdırmalıdırlar. Əminəm ki, o gün baş tutacaq...”-deyə Q.Hüseynli bildirdi. 

İradə SARIYEVA





Seçilən
161
50
baki-xeber.com

10Mənbələr