“Səbail”in müdafiəçisi Mert Çelikin futbolinfo.az saytına müsahibəsi
– “Səbail” 5 tura 4 xal toplaya bilib. Durumu necə dəyərləndirirsən?
– Əminəm ki, daha çox xal toplaya bilərdik. Çünki göstərdiyimiz oyun bunu deməyə əsas verir. İndi biz doğru yolda davam etməliyik. Yaxşı oyunumuza davam etsək, komandamızı yuxarı yerlərə aparıb istədiyimizə nail ola bilərik.
– Daha yaxşı nəticələr üçün çatışmayan nədir?
– Məncə, komandamız yenidir. Zamanla hər şey yaxşıya doğru dəyişəcək. Əsas odur ki, doğru yolda olaq. Yaratdığımız şansları qola çevirsək, hər şey fərqli olacaq.
– Azərbaycanda “Neftçi”dən sonra başqa bir komandada oynayırsan. Özünü necə hiss edirsən?
– Burada olmaq üçün darıxmışdım. Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, oynayıb milli komandaya qədər yüksələ biləcəm. Bunu bacaracağıma əminəm.
– Milli komanda demişkən, bu gün yığmamız Millətlər Liqasında İsveçə qarşı oynayacaq. Hansı nəticəni gözləyirsən?
– Düşünürəm ki, qalib gələ bilərik. Qələbə ilə Millətlər Liqasında yaxşı bir başlanğıc etmək olar. Yeni məşqçi ilə komandamızın buna nail olacağına inanıram.
– Azərbaycan Premyer Liqasına qayıtdıqdan sonra hansı dəyişiklikləri gördün?
– Komandalar daha keyfiyyətlidir. Oyunlar çox çətin keçir. Bu da yaxşı şeydir. Liqanın səviyyəsi yüksəlir. Daha da irəli gedəcəyinə inanıram.
ABBAS