Animasiyalar, cizgi filmləri təkcə uşaqların yox, eləcə də bir çox böyüklərin də sevimlisidir. Dünyada məşhur, hətta mükafat alan cizgi filmləri var ki, bir çox ölkədə o cümlədən, Azərbaycanda tanınır, sevilir. Ancaq maraqlıdır ki, cizgi filmlər ölkəmizdə sevilsə də, yerli cizgi filmlərinin sayı çox azdır.
Görəsən, animatorlarımız olduğu halda cizgi film sahəmiz niyə o qədər də inkişaf etmir?
MÖVZU İLƏ BAĞLI:
Tarixə qovuşan ANİMASİYA FİLMLƏRİMİZ – Uşaqlar üçün cizgi filmləri niyə ÇƏKİLMİR?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən animator Zaur Rövşənli bunun səbəbini animasiya sahəsinə maliyyənin ayrılmamasında görür:
“Hazırda ölkəmizdə yerli animasiyalar təəssüf ki, yox dərəcəsindədir. Nəzərə alsaq ki, uşaqlar daha çox cizgi filmə baxdığı üçün yerli kanalların bununla bağlı tədbir görməsi vacibdir. Təxmini 6 yaşına qədər uşaqlara baxdıqda əsasən rus və türk dillərində danışdıqlarını görürük. Buna səbəb ölkədə cizgi filmlərinin olmaması və bu sahəyə maliyyə ayrılmamasıdır”.
Ölkədə animasiya sahəsiylə bağlı kadr potensialı hansı səviyyədədir?
“Təbii ki, kifayət qədər bunu bacaran kadrlar var, lakin bu sahəyə dövlət dəstəyi olmadığından və maliyyə ayrılmadığından həmin kadrlar daha çox inkişaf edə bilmir, nəticədə, uşaqlar üçün faydalı cizgi filmlər, animasiyalar ərsəyə gətirilmir”, - deyə müsahib sonda qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media