AZ

"İqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir" İnam Kərimov

Dünyada baş verən iqlim dəyişikliyi müxtəlif ölkələrin inkişafına, qlobal iqtisadiyyatın təkamülünə, ərzaq təminatına, ekoloji tarazlığa, insanların həyat tərzinə və sağlamlığa, təbii fəlakətlərə, ekosistemlərinin pozulmasına, miqrasiya proseslərinin güclənməsinə səbəb olur. Beləliklə də, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir. Bu dəyişiklərinin fəsadları eyni zamanda hüquqdan da yan keçmir.

"Unikal" xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

O bildirib ki, bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilir:

"Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu baxımdan biz ilk öncə davranışlarımızı və sosial normalarımızı, habelə ətraf mühitdən istifadəyə baxışlarımızı dəyişmədən iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik.
Bu səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fəsadlarına məruz qalan deyil, eyni zamanda onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir vasitədir. Məhz hüquq iqlim dəyişikliyi ilə mübarizədə təbiətin, ətraf mühitin qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv bir alətdir".

Ali Məhkəmənin sədri qeyd edib ki, İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyası, Kyoto Protokolu, Paris razılaşması və digər beynəlxalq hüquqi sənədlər dövlətlərin iqlim təsirlərinin qarşısını alması və aradan qaldırılması üçün təsirli tədbirlər görmək, iqlim dəyişikliyini təsirlərini azaltmaq və insanların iqlim böhranına uyğunlaşması üçün lazımi imkanlara malik olmasını təmin etmək öhdəliklərini yaradır.

"Beynəlxalq hüquq dövlətlərin qlobal ekoloji problemlərin, xüsusilə iqlim dəyişikliyinin həlli üçün kollektiv öhdəliklərini müəyyən edir, istixana qazları emissiyalarını azaltmaq üçün milli fəaliyyət planları qəbul etməyi və həyata keçirməyi tələb edir. Beynəlxalq hüquq təkcə dövlətlərdən deyil, həmçinin şirkətlərdən iqlimə təsirlərinə görə cavabdeh olmağı və iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərində məsuliyyətlə iştirak etməyi tələb edir. Beynəlxalq öhdəliklər öz implementasiyasını məhz milli hüquqda qəbul edilmiş qanunvericilik aktları ilə təmin edirlər.

Hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir", - deyə İnam Kərimov bildirib.

Seçilən
108
50
unikal.az

10Mənbələr