Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 437 099 şəxs qəbul edilib və onlara 666 576 sayda xidmət göstərilib.
Bu barədə Vətəninfo.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, göstərilən xidmətlərin 247 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 134 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aid olub.
Ümumi xidmətlərin 89,2 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinə arayışların verilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 23,6 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 9,3 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Yanvar-avqust ayları ərzində 3 208 vergi ödəyicisinin iştirakı ilə 206 görüş keçirilib, 3 570 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 577 mindən çox məlumatlandırma xarakterli SMS göndərilib.