AZ

ABŞ və Çin COP29 öncəsi nəyi müzakirə etdi?

Çin və ABŞ iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi kimi məsələlərdə hələ də bəzi fikir ayrılıqlarına malikdir, lakin bu həftə baş tutmuş danışıqlar zamanı tərəflər onların aradan qaldırılması məsələsində irəliləyiş əldə ediblər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta Pekində çinli həmkarı Lyu Çjenmin və Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərdəki bəzi fikir ayrılıqlarına baxmayaraq, tərəflər əhalinin və iqlimin rifahı üçün əməkdaşlıq sahələri tapa bilərlər.

Podesta bildirib ki, tərəflər noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsindəki iqlim danışıqları ilə bağlı əla müzakirələr aparıb və burada əsas prioritet inkişaf etməkdə olan ölkələrə yardım üçün yeni böyük fondun yaradılmasına dair razılaşma olacaq.

ABŞ fondun əmanətçi bazasını genişləndirməyə çalışır, lakin Çin və digər inkişaf etməkdə olan böyük ölkələr belə addımın zəngin ölkələrin öhdəliklərini zəiflədəcəyindən narahatdır.

Podesta vurğulayıb ki, iki ölkə həmçinin gələn ilin əvvəlində 2035-ci il üçün iddialı iqlim hədəflərini BMT-yə təqdim etmək üzrə hazırlıqları müzakirə ediblər.

Bundan əlavə, ABŞ-nin xüsusi nümayəndəsi bildirib ki, tərəflər metan kimi CO2 tərkibi olmayan istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı ikitərəfli sammit keçirməyi planlaşdırırlar.

“Onlara daha az diqqət yetirilir, lakin qlobal istiləşmənin səbəblərinin yarıdan çoxu bununla bağlıdır”, - Podesta deyib.


Müəllif: Teleqraf.com
Seçilən
278
14
teleqraf.com

10Mənbələr