Cavanşir FEYZİYEV,
fəlsəfə doktoru
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmiz digər siyasi subyektlərlə münasibətlərdə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır və qəbul olunur. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Məhz ona görə də Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı durmadan artır.
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Belə ki, müstəqilliyimizin bərpasından keçən 30 ildən çox müddət ərzində respublikamız həm Avropa İttifaqı məkanına daxil olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas səbəblərdən biri Azərbaycanın ardıcıl siyasətində ədalət prinsipinə əsaslanması və həmişə qarşılıqlı maraqlardan çıxış etməsidir. Respublikamız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycanın və onun liderinin nüfuzunun getdikcə artmasını şərtləndirir.
Avropada və ümumiyyətlə dünyada siyasi təsir imkanları getdikcə artan və dünyanın 7-ci böyük iqtisadiyyatına sahib olan İtaliyanın Azərbaycanla əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi Azərbaycanın artan nüfuzunun əyani göstəricisi sayıla bilər. İtaliya Azərbaycanın Avropadakı ən böyük və etibarlı iqtisadi-siyasi tərəfdaşıdır.
Bugünlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Romaya işgüzar səfəri beynəlxalq medianın da diqqət mərkəzindədir.
İtaliyanın “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayımlanan məqalələrdə Prezident İlham Əliyevin rəsmi dəvətlə İtaliyaya işgüzar səfərindən geniş bəhs edilib. Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib və görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı vurğulanıb.
Dövlət başçısının bu səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı İtaliya Prezidenti tərəfindən diqqətə çatdırılıb.
Azərbaycanla İtaliya arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq iki ölkə arasındakı çoxvektorlu münasibətlərin təməlində dayanan əsas amil qismində çıxış edir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də bu bəyanatda əksini tapan müddəalar əsasında inkişaf etdirilir.
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi açılıb.
Hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri əlaqələrin dinamikasına öz müsbət təsirini göstərir. Tarixə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb.
Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başlayıb və bundan sonra bir sıra səfərlər həyata keçirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində dövlət başçımızın iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya–Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair sazişlərin imzalanma mərasimi keçirilib.
Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər. Bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi, həmçinin İtaliya–Azərbaycan Universitetinin faktiki olaraq fəaliyyətə başlaması, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksinin inşa olunması tərəflər arasında əldə olunmuş qarşılıqlı razılaşmaların uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.
Azərbaycan və İtaliya iqtisadi sahədə əməkdaşlığı da davamlı şəkildə genişləndirirlər. Ölkələrimiz arasında enerji əməkdaşlığı da yüksək səviyyədədir və nümunəvi olması ilə fərqlənir. Xam neft və neft məhsullarının ixracında İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür.
Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının illik tədarükü azı 20 milyard kubmetrə çatdırılmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP mühüm rol oynayacaq. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin bütün dünyada tanınan şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdır. Məsələn, İtaliyanın “ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. Saipem, ValvItalia, Renco, Bonatti, Enereco, Max Streicher, Honeywell SRL və s. şirkətlərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchizat və xidmət layihələri həvalə edilib.
Keçən illər ərzində SOCAR ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft–kimya sahəsində müəssisələrin tikilməsi və yenidən qurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunub. Layihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə isə əməkdaşlıq davam etdirilir. Prezident İlham Əliyev bildirib ki, neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün xüsusi önəm daşıyır.
İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Cənubi Qafqaz ölkələri ilə İtaliya arasında ticarət dövriyyəsinin 85 faizini məhz Azərbaycanla ticarət təşkil edir.
İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Ötən il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində də İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.
Bu ilin mayında İtaliya Senatında təşkil olunan “Azərbaycan – İtaliya: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu.
Humanitar sahədə əməkdaşlıq Azərbaycan – İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
Mədəni əlaqələrdən danışarkən, HeydərƏliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir.
2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir. Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət kimi Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür. İtaliya azərbaycanlı tələbələrin Avropada ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək.
Qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edir.
Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var. Dövlət başçısının İtaliyaya budəfəki səfəri iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq, gələcək illərdə də İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrini qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Beləliklə, iki ölkə arasında qarşılıqlı münasibətlər Avropa və Azərbaycan arasında əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq.