AZ

Türkiyəli professor: “Zəngəzur dəhlizinin qısa müddətdə açılması mümkün görünmür”

Ən böyük maneə İrandır

“İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının bir neçə səbəbi var. Birincisi, regional təcrid qorxusudur...”

İran rəsmiləri və Ermənistan mediası Zəngəzur dəhlizinə qarşı "savaş açıb". Dəhlizin açılmasının önəmini qabardan Rusiyanı ciddi tənqid edən Tehran və erməni KİV-ləri Zəngəzur yolunun ancaq Azərbaycan və Türkiyənin işinə yaradığını, Türk dünyasına xidmət etdiyini və əslində, Moskva üçün də zərərli olduğunu "sübut" etməyə çalışırlar. Ermənistanın Şirak Dövlət Universitetinin müəllimi, politoloq Qaqik Hambaryan deyib. Rusiya 1921-ci ildə olduğu kimi indi də Türkiyə-Azərbaycan tandeminə yaltaqlanmaqdadır. Onun sözlərinə görə, ruslar başa düşmürlər ki, Zəngəzur dəhlizi açılsa, Qərb və Türkiyə rusları cəmi 10 günə Zəngəzur dəhlizindən sıxışdırıb çıxaracaq: "Zəngəzur dəhlizindən faydalananlar Qərb və Türkiyədir". Qeyd edək ki, Rusiya rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı çıxışlarından sonra İranın ehtirasları yenidən coşub və "qırmızı xətt" söhbəti təzədən gündəmə gəlib. Bu dəfə hədəfdə Azərbaycanla yanaşı, həm də Rusiyadır. Əvvəlcə mediada başlayan Rusiya əleyhinə kampaniya rəsmi şəxslərin açıqlamaları ilə davam etməkdədir. İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, regionda sülh, təhlükəsizlik və sabitlik sadəcə prioritet deyil, Tehranın milli təhlükəsizliyinin sütunlarından biridir: "Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid, yaxud sərhədlərin yenidən çəkilməsi şimalda, cənubda, şərqdə və qərbdə baş verməsindən asılı olmayaraq, tamamilə qəbuledilməzdir və İranın qırmızı xəttidir".

İran Məsləhət Şurasının üzvü, "SEPAH"ın keçmiş baş komandanı Möhsün Rzayi isə daha açıq danışıb: "Zəngəzur dəhlizi və İrana məxsus üç ada ilə bağlı Rusiya dövlət xadimlərinin davranışı heç bir vəchlə qəbul edilə bilməz və İranla dostluq, strateji münasibətlər barədə bəyanatlarla açıq-aşkar ziddiyyət təşkil edir". İran parlamentinin sabiq vitse-spikeri Əli Mütəhərri də deyib ki, bu dəhliz Ermənistan üzərindən İranın Avropaya gedən yolunu bağlayacaq. Aydın görünür ki, İran bu dəhlizi mühüm geosiyasi rıçaq kimi görür və Türkiyənin regionda artan təsirindən ehtiyatlanır. Bir neçə gün öncə İranın “Mehr” agentliyi Prezident İlham Əliyevin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərinin İranın maraqlarına zidd olduğunu yazıb. Nəşrin bildirdiyinə görə, Tehran hökuməti dəfələrlə Zəngəzur dəhlizinə, başqa adla NATO-nun Turan yoluna qarşı çıxıb və hərbi təlimlərlə Bakıya mesaj çatdırıb: "Moskva və Ankara bilməlidirlər ki, Cənubi Qafqaz regionunda istənilən dəhliz Tehranın qırmızı xəttidir və buna görə tərəflər cavab verməli olacaqlar". Halbuki Zəngəzur dəhlizinin iqtisadi baxımdan region üçün yarada biləcəyi potensialı olduqca böyükdür. Bu barədə qonşu dövlətlərdən məsələ ilə bağlı müsbət siqnallar alınıb. Qardaş Türkiyə rəsmiləri də Ermənistana dəhlizin açılması ilə bağlı ara-sıra mesajlar göndəriblər. Bu marşrut Çindən Türkiyənin şərq bölgələrinə, oradan isə Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya yüklərin daşınmasına şərait yaradacaq. Bu, həm də Türkiyə və Çinin nəqliyyatın şaxələndirilməsi strategiyalarına tam uyğun gəlir.

Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay Şərq.Az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi regional geosiyasi tarazlıqlara ciddi təsir edən məsələ kimi getdikcə daha çox diqqəti cəlb edir və aktuallaşır. Professorun sözlərinə görə, bu dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası, dolayısı ilə Türkiyə ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyır:

 

"Lakin İranın müxalif münasibəti məsələnin həllini çətinləşdirir. Türkiyə, Azərbaycan və Rusiya dəhlizin açılması yönündə istəklidir. Azərbaycan müharibədən sonra layihənin reallaşmasını sürətləndirmək istəyir. Türkiyə də bu dəhlizin açılmasını strateji prioritet kimi görür. Rusiya isə Azərbaycanla münasibətlərini gücləndirmək və regionda fəal güc kimi Ermənistana təsirini artırmaq niyyəti güdür. Ermənistan Rusiyanın dəhlizdə nəzarətinə qarşı çıxsa da, İran ümumiyyətlə layihəyə qarşı çıxır və bunu “qırmızı xətt” elan edir. İranın bu münasibəti hadisələri ləngidən mühüm amil kimi görünür. Tehranın kifayət qədər güclü müqaviməti və İrəvanın Rusiyanın nəzarətinə qarşı çıxması səbəbindən Zəngəzur dəhlizinin qısa müddətdə açılması mümkün görünmür. Diplomatik danışıqlar davam etsə də, tərəflər arasında maraqların toqquşması prosesi uzadır. Buna baxmayaraq, Azərbaycanın artan hərbi və diplomatik qüdrəti, Türkiyənin dəstəyi və Rusiyanın strateji maraqları uzunmüddətli perspektivdə dəhlizin açılmasına şərait yaradacaq. Bu, İranın mövcud münasibətindən dolayı vaxt ala bilər".

Yaşar Onayın fikrincə, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının bir neçə səbəbi var: "Birincisi, regional təcrid qorxusudur. İran Türkiyənin və Azərbaycanın bu dəhlizin açılması ilə regionda daha çox nüfuz qazanacağından qorxur. Dəhliz İranı həm iqtisadi, həm də strateji baxımdan təcrid edə bilər. Digər məqam Ermənistanla əlaqələrin zəifləməsidir. Quru sərhədi olmasından dolayı Tehranın İrəvanla əlaqələri strateji əhəmiyyət kəsb edir. Üçüncü məsələ Güney Azərbaycanla bağlı narahatlıqdır. İranda, yəni Güney Azərbaycanda milyonlarla türk yaşayır. Ehtimal edilir ki, Zəngəzur dəhlizinin açılması Güney Azərbaycan türklərinin azadlıq hərəkatını gücləndirə bilər. Ona görə də İran Azərbaycanın güclənməsini istəmir, hər vəchlə buna qarşı çıxır. Sonuncu məqam isə iqtisadi itkilərlə bağlıdır. İran hesab edir ki, dəhliz açılarsa, İranın Ermənistan üzərindən regional ticarət yolları əhəmiyyətni itirəcək. Bu, İranın ticarət həcminin azalmasına səbəb olacaq".

Seçilən
146
50
hurriyyet.az

10Mənbələr