AZ

Azərbaycanın COP29-a ev sahibliyi etməsi Prezidentin beynəlxalq aləmdə artan nüfuzunun növbəti göstəricisidir ŞƏRH

“COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.” dövlət başçısı İlham Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə bu mühüm məqamı xüsusi qeyd etdi ki, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə isə “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə böyük nüfuz qazanıb. Eyni zamanda bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Və bütün bunlar, sözsüz ki, beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq.

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da güclənəcək. COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Bəli, Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək.

Bir məsələyə də ciddi şəkildə diqqət yetirək. Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələr yenə də ölkəmizin bu möhtəşəm uğuruna qərəzli münasibət sərgiləməyə başladılar. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu indi də həzm edə bilmir və qərəzli, çirkin kampaniyaların isə heç bir əsası yoxdur. Çünki bütün dünya gördü ki, Azərbaycan öz ərazilərinin 20 faizini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Və ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ciddi diplomatik uğurdur.

Bu reallığı vurğulamaq lazımdır ki, hər zaman qlobal təşəbbüslər müəllifi Prezident İlham Əliyevin irəli sürdüyü hər bir təklif reallığa çevrilir. Məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Və bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir. Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarına inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq".

Beləliklə də, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. Bu mötəbər toplantıda bir daha ölkəmizdən dünyaya həmrəylik çağırışı ediləcək.

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq". Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Seçilən
45
50
sesqazeti.az

10Mənbələr