Cəlilabadda 5 yaşlı uşaq yanaraq ölüb
Cəlilabad rayonunda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, üç gün bundan əvvəl Cəlilabad şəhəri Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas edilən 5 yaşlı R. İsmayılova Bakı şəhərində xəstəxanalarından birində dünyasını dəyişib.
Qeyd edək ki, yanğın qeyd olunan ünvanda yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb(Report).