DogruXeber.az: - Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “İrəvan dialoqu” forumunda Türkiyə ilə sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirib. O deyib ki, Ermənistan Türkiyə ilə sərhədlərini açmağa və diplomatik münasibətlər qurmağa hər zaman hazır olub. “Türk qonşularımız siyasi iradə nümayiş etdirərsə, hətta sabah tam normallaşmış münasibətlər qurula bilər”, deyə vitse spiker qeyd edib.R.Rubinyanın açıqlamasını Demokrat.az-a şərh edən politoloq Amid Əliyevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsində, danışıqların aparılmasında Türkiyə strateji müttəfiqimiz olmaqla yanaşı, milli maraqlarımızdan çıxış edir:“Dəfələrdə bunun şahidi olmuşuq. Türkiyə dövlətinin başçısı, xarici işlər naziri və digər siyasi rəhbərlər Ermənistanla sərhədlərin açılmasının yalnız Azərbaycanın milli maraqları çərçivəsində mümkün ola biləcəyini vurğulayıblar. Türkiyə və Ermənistan rəsmilərinin görüşündə sərhədlərin açılması müzakirə olunub, müsbət tendensiyanın şahidi olmuşuq bu məsələ ilə bağlı. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə tərəfi hər zaman bu məsələni Azərbaycanla qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra həyata keçirəcəyini diqqətə çatdırıb”.Ekspert hesab edirəm ki, burada Azərbaycanın siyasi iradəsinin olması şərtdir:“Son günlər bu məsələnin gündəmə gətirilməsinin səbəbi odur ki, Ermənistan Baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasında daha israrlı olduğunu göstərir. Bundan ilhamlanaraq Ermənistan parlamentinin vitse spikeri bu fikirləri söyləyib ki, Türkiyə ilə sərhədlər açıla bilər. Lakin nəzərə almaq lazımdır ki, hələ sülh sazişi imzalanmayıb, sadəcə müəyyən bir hissəsi razılaşdırılıb. Sərhədlərin delimitasiya-demarkasiyası tam şəkildə həyata keçirilməyib”.A.Əliyev qarşıda duran ən böyük məsələlərdən birinin də Zəngəzur dəhlizi olduğunu xatırladıb:“Dəhlizin açılmasında Türkiyənin böyük iqtisadi və siyasi maraqları var. Hesab edirəm ki, səsləndirilən fikirlər indiki halda yalnız Ermənistanın daxili auditoriyasına hesablanıb. Ermənistan hakimiyyəti son vaxtlar erməni xalqına və dünya ictimaiyyətinə göstərməyə çalışır ki, Azərbaycanla münasibətləri qaydasına qoymağa, sülh bağlamağa tam hazırdır. Lakin bu belə deyil.Əslində, Ermənistanın Türkiyənin özünə qarşı ərazi iddiaları var, konstitusiyada bu öz əskini tapıb. Qondarma erməni soyqırımı haqqında iddialar, Qarabağ bölgəsinə qarşı ərazi iddiası Ermənistanın konstitusiyasında yer alır. Konstitusiyanın dəyişdirilməsi, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması gerçəkləşməsə, Azərbaycanın milli maraqlarının təmin olunduğunu deyə bilmərik. Məhz bunlardan sonra Türkiyə-Ermənistan sərhədinin açılması, iqtisadi, diplomatik əlaqələrin bərpasından danışmaq olar. Ermənistan 2020-ci il 10 noyabr bəyanatında irəli gələn öhdəliklərini yerinə yetirməlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta