AZ

2 nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi

Yol-nəqliyyat hadisəsi zamanı 2 nəfərin ölümünə səbəb olan sürücünün növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Orxan Səfərovun məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edib. İlk olaraq əlavə şahid qismində 185 saylı marşrut xəttinin marşrutların texniki nasazlığına cavabdeh olan şəxsi Babək İsgəndərov ifadə verib: "Orxan Səfərov qarajdan maşını götürüb axşam evə aparmışdı. Qanunla da elədir ki, sürücü axşam gəlib marşrutu qarajdan götürməlidir. Hər hansı nasazlıq olanda isə sürücü bizə xəbərdarlıq edir. Orxanın sürdüyü avtobusda heç bir texniki nasazlıq yox idi. 

Dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxs Orxan Səfərova qəza törədən avtobusun nasaz olub-olmaması ilə bağlı sual verdi. 

Orxan Səfərov isə qəza baş verən zaman avtobusda texniki nasazlığın olduğunu qeyd etdi. Ancaq avtobusun xətt rəhbərliyinə isə marşrutun saz vəziyyətdə olduğunu bildirib. 

Həmçinin məlum olub ki, Orxan Səfərovun həmin gün iş günü olmayıb. O özü xahiş edib ki, mən bu gün reysə çıxım. 

Təqsirləndirilən şəxsin vəkili Orxan Səfərova "Çinar" transa məxsus olan yol vərəqəsinin verilməsi əvəzinə "E" Fransa məxsus olan yol vərəqəsi verildiyini qeyd etdi. 

Sonra "Çinar" transın dispetçeri ifadə verdi: "Marşrutların texniki cəhətdən saz olmasına şirkətin mexaniki cavabdehdir".

Qeyd edək ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında hər hansı bir formada barışıq yoxdur. 

Məhkəmənin növbəti gedişində hakim məhkəmə istintaqının yekunlaşması ilə əlaqədar tərəflərin fikirini öyrəndi və dövlət ittihamçısı ittiham nitqi ilə çıxış etdi. Orxan Səfərova 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sonra zərərcəkmiş şəxsin nümayəndəsi çıxış etdi və dövlət ittihamçısının çıxışını dəstəklədi. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi  vəfat edən qardaşının atasının üzünü görməmiş körpəsinin dünyaya gəldiyini, anasının insult keçirdiyini bildirdi: "Möhtərəm hakim xahiş edirəm təqsirləndirilən şəxsə ən ağır cəza verəsiniz".

Orxan Səfərovun vəkili Elvin Dəmirov çıxış edərək qeyd etdi ki, müvəkkili maksimum qəzanın qarşını almağa çalışıb. 

Təqsirləndirilən şəxs Allahdan bağışlanmasını istədi. Qeyd edək ki, Orxan Səfərov haqqında ibtidai istintaq dövründə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. 

Hakim Azər Tağıyev müşavirədən qayıtdıqdan sonra hökmü elan etdi və 7 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Orxan Səfərov konvoy taborunun əməkdaşları tərəfindən məhkəmə zalında həbs edilib.  

Xatırladaq ki, hadisə ötən il sentyabr ayının 25-də  Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən "Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb. Belə ki, üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi "Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi 185 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol-nəqliyyat hadisəsi iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli

Seçilən
101
50
unikal.az

10Mənbələr