AZ

Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir - MÜSAHİBƏ

SİA Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Naidə Novruzovanın müsahibəsini təqdim edir.

Şəkərli diabeti dövrümüzün qeyri-infeksion epidemiyası adlandırırlar. Xəstələrin sayı durmadan artır, yaşayan və xəstəliyindən xəbəri olmayanların sayı isə daha çoxdur. Bu xəstəlik özünü necə göstərir və nəticələri necədir? Bu müsahibədə oxucularımızı maraqlandıran sualları cavablandıracağıq. Müsahibimiz Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Naidə Novruzovadır.

- Naidə həkim, endokrinoloq hansı xəstəlikləri müalicə edir? Hansı hallarda məhz endokrinoloqa müraciət etmək lazımdır?

- Endokrinoloqların daha çox müalicə etdikləri şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri və neyroendokrin xəstəliklərdir. Endokrinoloqa müraciət etmək üçün xəstəliyin əlamətləri tamamilə fərqli ola bilər. Bu, səhhətinizdə yaranan narahatlıqlar, bədən çəkisinin kəskin artması və ya əksinə, azalması ola bilər. Əgər özünüzü zəif, yorğun, halsız hiss edirsinizsə, saç tökülməsi və ya dərinizin quruluğu varsa, bunlar hipotireozun əlamətləri ola bilər. Və yaxud - əsəblilik, yorğunluq, tərləmə, taxikardiya, təzyiq artımı bu hallarda tiroid vəzinin patologiyasının əlamətləri ola bilər . Belə simptomları olan xəstələr ilk növbədə, kardioloqlara, terapevtlərə müraciət edirlər. Və həkim müayinəsindən sonra onlara deyilir ki, “ola bilər, qalxanabənzər vəzinizlə bağlı problemləriniz var”. Və pasiyentlər yaxın qohumlarda qalxanabənzər vəzi ilə bağlı bir problemi olduğuna diqqət yetirsələr, yaxşı olar. İrsiyyət çox mühüm rol oynayır. Məsələn, diabet xəstələri daha ilkin olaraq daha çox uroloqlara müraciət edirlər. Onlar müəyyən əlamətlərlə uroloqa müraciət edir və ilkin müayinələrdən keçərkən məlum olur ki, onlarda şəkərli diabet var.

- Şəkərli diabet haqqında bir qədər məlumat verməyinizi xahiş edirik.

- Şəkərli diabet - əsas simptomu qanda şəkərin (qlükoza) səviyyəsinin artması ilə başlanan bir xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatı onun bir neçə tipini müəyyən edir. Diabetli insanların əksəriyyətində tip 1, tip 2 və yaxud spesifik tip diabetlər var. Şəkərli diabet hələ tam müalicəsi mümkün olmayan xroniki xəstəlikdir. Lakin indi şəkərli diabetə nəzarət və müalicə üçün effektiv üsullar var və bu müasir üsullara əməl olunarsa, xəstəlik gözlənilən ömür uzunluğunun azalmasına və keyfiyyətinin pisləşməsinə səbəb olmaz. Və şəkərli diabetin idarə olunmasında xəstənin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir.

-Endokrinoloqa hansı fasilələrlə müraciət etmək lazımdır?

- Gəlin ondan başlayaq ki, qalxanabənzər vəzi ilə bağlı problemlər qadınlarda daha çox olur. Ən azı iki ildə bir dəfə endokrinoloqa müraciət etməlidirlər. Amma mən pasiyentlərimdən daha çox eşidirəm ki, “narahat etmir məni və ona görə müayinəyə gəlmədim”. Bu tamamilə səhv fikirdir. Çünki aşkar simptomlar və aydın klinik mənzərə olduqda, bu, artıq inkişaf etmiş bir vəziyyətdir. Deməli, xəstəlik artıq irəliləyib. Ancaq endokrinoloq bir şey aşkar edərsə - düyünlü zob, hiper və ya hipotireoz, təbii olaraq, o, nə qədər tez-tez müayinə olunacağınızı artıq müəyyənləşdirir - adətən, üç ayda bir dəfə, altı ayda bir dəfə və s.

- Diabetin qarşısını necə almaq olar? Erkən mərhələdə aşkar edilibsə, müalicə etmək mümkündür?

- Tez-tez eşidirik: “Susuzluq hiss etmədiyim üçün gəlmədim... Şəkər xəstəliyinin əlamətlərini oxudum, özümdə tapmıram”... Bu, yanlışdır, çünki son vaxtlar məlumdur ki, şəkərli diabet demək olar ki, asimptomatik olaraq başlayır, çünki şəkərin artması dərhal yüksək rəqəmlərlə baş vermir. Deyək ki, səhər şəkəriniz 6,2-dirsə, bu, artıq prediabetdin bir əlamətidir və zamanında müalicə olunmazsa diabetə keçmə riski çox böyükdür. Təbii ki, xəstələr belə kiçik fərqi hiss etmirlər və bir müddət sonra inkişaf etmiş şəkərli diabetlə müraciət edirlər. İdeal olaraq ildə ən azı bir dəfə şəkər üçün qan vermək lazımdır. Və aclıq şəkərdə bir problem olarsa, o zaman qlikohemoqlobinin yoxlanılması vacibdir. Qlikogemoqlobin uzun müddət ərzində qan şəkərinin orta səviyyəsini əks etdirən biokimyəvi qan göstəricisidir. Müasir həyat rejimində insanlar daha çox üstünlüyü hazır qidalara verirlər. Lakin fast food və yarımfabrikatlarda keyfiyyətli heç nə yoxdur. Və istifadə olunan bu qidalar, bir çox endokrinoloji problemlərə yol açır. Mən hələ onu demirəm ki, belə bir pəhriz həm də mədəaltı vəzi xəstəliklərinə, çox vaxt öd daşı və müxtəlif bağırsaq xəstəliklərinə səbəb ola bilər. Hazırda diabetin geniş yayılmasının başqa bir amili oturaq həyat tərzidir. Demək olar ki, hər kəs kompüterin qarşısında oturur. Və fiziki aktivliyin az olması, xroniki streslərdə öz təsirini göstərir. Hətta son zamanlar uşaqlarda düzgün qidalanmama, fiziki aktivliyin az olması kiçik yaşlarda karbohidrat mübadiləsinin pozğunluqlarına səbəb olur.

- Əgər pasiyent artıq şəkərli diabetdirsə, o, nə etməlidir?

- Əgər xəstədə artıq şəkərli diabet varsa, o zaman analiz aspekti genişlənir, çünki belə bir diaqnoz varsa, gələcəkdə bütün orqanizmə təsir göstərəcək. Yüksək şəkər səviyyəsi həm lipid mübadiləsinə, həm də qaraciyərə, qan damarlarına və s. təsir edir. Buna görə də bütün diabet xəstələri ildə iki dəfə diabetin göstəricilərindən əlavə, qaraciyər, böyrək, lipid göstəricilərini kontrolda saxlamalıdırlar. İldə bir dəfə kardioloqun, oftalmoloqun və gərəkdiyi halda digər ixtisas həkimlərinin müayinəsindən keçməlidirlər.

- Diabetin əsas səbəbi nədir?

- Əvvəllər irsiyyət əsas səbəblərdən biri idi. İndi isə xəstələri gördükdən sonra deməliyəm: “Siz özünüz şəkər xəstəliyinə tutulmaq üçün hər şeyi etmisiniz”. Əsas səbəblərdən biri isə çox vaxt düzgün qidalanmama nəticəsində yaranan artıq çəki, passiv həyat tərzidir. Mən həmişə xəstələrimdən səhər, günorta və şam yeməyində nə yediklərini soruşuram. Onların cavabları isə sadəcə fəlakətdir - buterbrod, qəhvə, qazlı sular, enerjili içkilər, sendviçlər, çipsilər və bu kimi hazır fast-food yeməklər.

- Bəs diabet xəstələri yuxunu necə almalıdırlar?

- Bütün hormonlar müəyyən bir zamanda istehsal olunur. Mən tez-tez böyümə hormonuna (somatotrop hormon) diqqət yetirirəm. Kiçik uşaqlar onun təsiri altında böyüyürlər. Yetkin yaşlarda somatotrop (böyümə) hormonu saat 23:00-dan 1:00-a qədər ayrılır və maddələr mübadiləsini, yağ yandırmasını artırır. Ancaq, adətən böyük şəhərlərdə bir çox insan 23:00-dan 1:00-a qədər yatmır. Çox vaxt gecə saat 2:00 və 3:00-a qədər yatmırlar. Buna görə də az yatanlar bəzən səkkiz saat tam yatanlardan fərqli olaraq hormonal disbalansın nəticəsində daha çox kökəlirlər.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Seçilən
72
41
sia.az

10Mənbələr