Şəmkir rayonunda 1992-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində mübahisə zamanı 1995-ci il təvəllüdlü bacısı Baharı (adlar şərti verilib – red.) qətlə yetirib.
Qətl hadisəsi ötən il fevralın 4-də Şəmkir rayonunun kəndində baş verib.
Daşqın 1995-ci il təvəllüdlü bacısı Baharın 2014-cü ildən rəsmi nikahda olduğu əri Sərhaddan boşanmaq istədiyini bildikdə ona ailəsini dağıtmamalı, 3 uşağının həyatını düşünməli və ailələrini kənddə tənə yeri etməməli oludğunu bildirərək qardaş nəsihəti verib.
Lakin Bahar israrla boşanacağını, ayrı yaşayacağını bildirib və mübahisə etməyə başlayıb.
Bacısının hərəkətlərindən hiddətlənən Daşqın əlində olan bıçaqla ona zərbələr vurub. Ümumilikdə 4 bıçaq xəsarəti alan Bahar vəfat edib.
İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Bədxərclik edirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacı-qardaş kimi bir-birilərini çox istəyiblər:
“Bahar 2014-cü ildə Sərhadlaə ailə həyatı qurub və üç övladı dünyaya gəlib. Ailə həyatı quran ilk vaxtlarda çox mehriban idilər. Sərhad həm də mənim çox yaxın dostum olub. İki il bundan əvvəl Sərhadla Baharın arasında münasibətlər pisləşdi. Bahar özünə xeyli nisyə paltarlar alaraq bədxərclik edirdi. Bu səbəbdən paltar mağazalarına borcu yarandı.
Hətta bir dəfə anam Fatimə əsəbi şəkildə Baharın paltar alverçilərinə 450 manat borcu olduğunu bildirdi və həmin borcu ödədi. Bunu Baharın ailəsində problem yaranmaması üçün etdik. Bacımın bədxərcliyi səbəbindən əri Sərhadla tez-tez mübahisəsi olurdu”.
“Sərbəst yaşamaq istədiyini dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə Bahar əri Sərhaddan başqa qayınatası Pənaha və qayınanası Əsmərə də hörmətsizlik edib:
“Bahar sərbəst şəkildə yaşamaq istəyirdi. Sərhadla mübahisələrinə görə tez-tez uşaqlarını da götürətrək bizə gəlirdi. Hər dəfə mən və ya Sərhad onu razı salaraq evinə qaytarmışıq.
Bahar növbəti dəfə uşaqlarıyla evə qayıdanda əsəbiləşdim və nə üçün gəldiyini soruşdum. Yenə də Sərhaddan boşanmaq və sərbəst yaşamaq istədiyini dedi. Əsəbiləşərək onunla mübahisə etdim. Bu səbəbdən yaşadığımız evdən qaçdı. Mən Baharı kəndin küçələrində xeyli axtardıqdan sonra tapıb evə gətirdim”.
“Hərəkətlərinə dözüb”
Daşqın bildirib ki, sonuncu dəfə Bahar 2022-ci ilin dekabr ayının sonlarında uşaqlarını da götürüb gəlib, bir daha geri qayıtmayacağını bildirib: “Mən Bahardan nə üçün gəldiyini soruşdum. O, Sərhaddan boşanmaq və sərbəst yaşamaq istədiyini söylədi.
Bahar 4-5 gün qaldıqdan sonra Sərhad yenə onu razı salaraq evinə apardı. Təxminən qətl hadisəsindən 15 gün qabaq Sərhad zəng edərək Baharın hərəkətlərinə artıq dözə bilmədiyini, ərizə verərək boşanacağını söylədi. Mən isə Sərhada haqq verərək onu başa düşdüyümü dedim.
Sərhad mənimlə çox yaxın dost olduğu üçün bacım Baharın bir çox hörmətsiz hərəkətlərinə dözürdü”.
“Özünü öldürəcəyini söylədi”
Daşqının sözlərinə görə, hadisədən təxminən 2-3 gün qabaq Sərhad ona zəng vurub və Baharın evdə olan toy qızıllarını aparıb satdığını deyib: “Ondan Baharın nə üçün qızılları satdığını soruşdum. O, qızılları sataraq borclarını ödədiyini dedi.
Hadisə olan günü, yəni fevralın 4-də saat 12 radələrində Sərhad mənə zəng vurdu və boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyini dedi. Hətta Baharın da evdə olan şəxsi əşyalarını yığaraq getməyə hazırlaşdığını bildirdi.
Mən anamla birlikdə Baharın ər evinə getdik. Həmin vaxt Sərhadın anası, bacısı və Bahar özü evdə idi. Sərhad isə qardaşı Alimgildəydi.
Mən Baharı qırağa çağırdım və söhbət etmək istəsəm də, o, hörmətsiz şəkildə heç kimlə danışmaq istəmədiyini bildirdi. Mən birtəhər razı salaraq onu qırağa çəkdim. Həmin vaxt Baharın əlində bıçaq da vardı. Ona ailəsini dağıtmamasını, 3 uşağının həyatını düşünməsini və kənddə ailəmizin adını biabır etməməsini dedim. Ondan nə üçün evdən getmək istədiyini və hara gedəcəyini soruşdum.
Bahar yenə hörmətsiz şəkildə xoşbəxt olmaq, Sərhaddan boşanaraq sərbəst yaşamaq arzusunda olduğunu və bu barədə mənimlə danışmaq istəmədiyini söylədi. Mən Baharla mübahisə edən zaman artıq bezdiyi üçün əlindəki bıçaqla özünü öldürəcəyini dedi, qarın nahiyəsinə iki zərbə endirdi. Baharın qarın nahiyəsindən qan axdı. Mən əlindən bıçağı almaq üçün onun üzərinə getdim. Bu zaman Bahar əli ilə müqavimət göstərdi.
Baharın əlindən bıçağı almağa çalışarkən yumruqla onun üz, baş və boyun nahiyələrinə zərbələr endirdim. Lakin o, israrla bıçağı vermək istəmədiyindən hiddətlənib özümdən çıxdım və onun əlindən bıçağı alaraq saçından tutdum, bıçaqla bir dəfə kürək nahiyəsinə zərbə endirdim.
Bahar əlimdən çıxaraq qonaq otağına doğru qaçdı. Mən cəld tərpənib onu qonaq otağında tutub yerə yıxdım və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başladım. Bıçaq sınaraq sağ əlmni kəsdi”.
“Polisə təslim oldum”
Daşqın qeyd edib ki, həmin vaxt səs-küyə Sərhad gəlib: “Bu vaxt Baharın hər tərəfindən qan axırdı. Mən yataq otağında dolabın üstündəki şüşə bankadan su içərək çölə çıxdım, əlimin qanını kəsməyə çalışdım. Bahar yaralı şəkildə evdən çıxaraq pilləkənlərdən üzü üstə yerə yıxıldı.
Yaranmış səs-küyə anam və Sərhadın bacısı çıxaraq qışqırmağa, ağlamağa başladılar. Təxminən 10 dəqiqə sonra hadisə yerinə gəlmiş Sərhadın qardaşı Alimlə birlikdə təslim olmaq üçün Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm polis bölməsinə getdik.
Polis bölməsinin növbətçi hissəsinə yaxınlaşaraq bacım Baharı öldürdüyümü dedim, könüllü olaraq təslim oldum”.
“450 manat məbləğində borcu ödədi”
İş üzrə zərərçəkmiş Baharın hüquqi varisi qismində ifadə verən anası Fatimənin sözlərinə görə, Sərhadla Baharın arasında münasibətlər onun özünə xeyli sayda nisyə paltar alaraq bədxərclik etməsinə görə pisləşib:
“Baharın bir çox paltar mağazalarına borcu yaranmışdı. Ailəsi dağılmasın deyə bir neçə dəfə onun paltar mağazalarına olan borclarını ödəmişik. Lakin bu barədə kürəkənim Sərhada danışmamışıq. Çünki Baharın ailəsində narazılıq olmasını istəməmişik. Ancaq artıq Baharın borcları ilə bacara bilməmişik. Çünki mən gündəlik 10-15 manatqarşılığında parniklərdə fəhlə işləyirdim.
Bahar isə dayanmadan özü və uşaqları üçün nisyə paltarlar almağa davam edirdi. Paltarları bir dəfə geyindikdən sonra ikinci dəfə geyinmirdi. Təzə aldığı və 1-2 dəfə geyindiyi paltarları əkində, heyvan altı təmizləyəndə geyinirdi. Mən Bahara həmin paltarları heyif etməməyi məsləhət biləndə sərt cavab qaytarırdı.
Borcları qaytara bilməyəndə məcbur olaraq bu barədə oğlum Daşqına danışdım. Həmin vaxt Baharın adını xatırlamadığım paltar alverçilərinə 450 manat borcu vardı. Ondan qabaq alverçilərə təxminən 350 manat məbləğində borcu ödəmişdimm.
Daşqın Baharın 450 manat məbləğində borcu olduğunu bildikdə əsəbiləşsə də, bacısının ailəsində problem yaranmaması üçün həmin borcu da ödədi”.
Fatimə qeyd edib ki, Bahar sərbəst şəkildə yaşamaq istəyib: “Sərhadla aralarında olan mübahisələrə görə Bahar tez-tez uşaqlarını da götürərək bizə gəlirdi. Hər dəfəsində oğlum Daşqın və ya Sərhad Baharı razı salaraq evinə geri qaytarırdı.
Təxminən hadisədən 10 ay qabaq Bahar yenə uşaqlarını götürərək bizə gəldi. Daşqın əsəbiləşdi və ondan nə üçün geri gəldiyini soruşdu. Bahar yenə də Sərhaddan boşanmaq və sərbəst yaşamaq istədiyini dedi. Mübahisə düşdü, Bahar yaşadığımız evdən qaçdı. Daşqın onu kəndin küçələrində xeyli axtardıqdan sonra taparaq evə gətirdi”.
“Toy qızıllarını niyə satdığını soruşdum”
Hüquqi varis bildirib ki, hadisə günü saat 15 radələrində Daşqın evə gəlib, Sərhadın Bahardan boşanmaq üçün məhkəməyə ərizə verdiyini, Baharın da əşyalarını yığıb harasa getmək istədiyini deyib:
“Daşqınla birlikdə Baharın yaşadığı evə getdik. Bu zaman Bahar bütün əşya və paltarlarını yığıb pilləkənin üstünə qoymuşdu. Daşqın zəng edib Sərhadı çağırdı.
Sərhad gəldi və məsələni aydınlaşdırmaq üçün söhbət etdik. Mən Bahardan nə üçün boşanmaq istədiyini, boşanıb hara gedəcəyini və ən əsası toy qızıllarını niyə satdığını soruşdum.
Bahar hörmətsiz şəkildə bu evdə xoşbəxt olmadığını, boşanaraq sərbəst yaşamaq istədiyini, toy qızıllarını satıb pulunu borclarına verdiyini, heç kimin onun işinə qarışmamalı olduğunu dedi”.
“Ailəmə qayğı göstərmişəm”
İş üzrə şahid qismində ifadə verən Sərhadın sözlərinə görə, mərhum Baharla ailə qurduğu ilk vaxtlar çox mehriban yaşayıblar: Mən qazandığım pulu ailəmə xərcləyərək evə lazımi diqqət və qayğı göstərmişəm.
Təxminən 2 il bundan qabaq Baharla münasibətlərimiz pisləşməyə başladı. Hər xırda şeyin üstündə mübahisə etdik.
Biz əkinçilik və maldarlıqla məşğul olurduq. Bahar bu işlərdə mənə köməklik edirdi. Lakin artıq bu işlərdən bezdiyini, belə yaşaya bilmədiyini və sərbəst yaşamaq istədiyini deyirdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/