AZ

®Endokrinoloq: Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir

®Endokrinoloq:

Şəkərli diabeti dövrümüzün qeyri-infeksion epidemiyası adlandırırlar. Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artmaqdadır. Hətta elə insanlar var ki, onlar şəkərli diabet xəstəsi olduqlarından xəbərsizdirlər. Belələrinin sayı daha çoxdur. Maraqlıdır, bu xəstəlik özünü necə göstərir? Şəkərli diabet hansı ağır nəticələrə yol açır? Bu və bunun kimi bir çox sualları Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Naidə Novruzova cavablandırıb.

- Naidə xanım, endokrinoloq hansı xəstəlikləri müalicə edir? İnsanlar hansı hallarda məhz endokrinoloqa müraciət etməlidirlər?

- Endokrinoloqların daha çox müalicə etdikləri şəkərli diabet, qalxanabənzər vəzi və böyrəküstü vəzi xəstəlikləri, həmçinin neyroendokrin xəstəliklərdir. Endokrinoloqa müraciət etmək üçün xəstəliyin əlamətləri tamamilə fərqli ola bilər. Bu, səhhətinizdə yaranan narahatlıqlar, bədən çəkisinin kəskin artması və ya əksinə, azalması ola bilər. Əgər özünüzü zəif, yorğun, halsız hiss edirsinizsə, saç tökülməsi və ya dərinizin quruluğu varsa, bunların hipotireozun əlamətləri olması mümkündür. Yaxud, əsəblilik, yorğunluq, tərləmə, taxikardiya, təzyiq artımı bu hallarda tiroid vəzinin patologiyasının əlamətləri ola bilər. Belə simptomları olan xəstələr ilk növbədə kardioloqlara, terapevtlərə müraciət edirlər. Həkim müayinəsindən sonra onlara deyilir ki, “ola bilər, qalxanabənzər vəzinizlə bağlı problemləriniz var”. Pasiyentlərə yaxın qohumlarda qalxanabənzər vəzi ilə bağlı bir problem olub-olmadığına diqqət yetirmələri tövsiyə edilir. Çünki, irsiyyət çox mühüm rola malikdir. Məsələn, diabet xəstələri ilkin olaraq daha çox uroloqlara müraciət edirlər. Həmin xəstələr ilkin müayinələrdən keçərkən məlum olur ki, onlarda şəkərli diabet var.

- Şəkərli diabet haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. Bu xəstəliyin tamamilə müalicəsi mümkündürmü?

- Şəkərli diabetin əsas simptomu qanda şəkərin (qlükoza) səviyyəsinin artmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatı bu xəstəliyin bir neçə tipini müəyyən edir. Diabetli insanların əksəriyyətində bu xəstəliyin birinci və ikinci qrupuna rast gəlinir. Bununla yanaşı, spesifik tip diabetlər də var. Şəkərli diabet hələ tam müalicəsi mümkün olmayan xroniki xəstəlikdir. Lakin indi şəkərli diabetə nəzarət və müalicə üçün effektiv üsullar var. Bu müasir üsullara əməl olunarsa, xəstəlik gözlənilən ömür uzunluğunun azalmasına və insan səhhətinin daha da pisləşməsinə səbəb olmaz. Şəkərli diabetin idarə olunması üçün xəstənin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir.

- Endokrinoloqa hansı fasilələrlə müraciət etmək lazımdır?

- Gəlin ondan başlayaq ki, qalxanabənzər vəzi ilə bağlı problemlər qadınlarda daha çox olur. Xanımlarımız ən azı iki ildə bir dəfə endokrinoloqa müraciət etməlidirlər. Amma mən pasiyentlərimdən daha çox eşidirəm ki, “narahatlığım yoxdur və ona görə də müayinəyə gəlmədim”. Belə yanaşma tamamilə səhvdir. Çünki aşkar simptomlar və aydın klinik mənzərə olduqda, bu, artıq inkişaf etmiş bir vəziyyətdir. Deməli, xəstəlik artıq irəliləyib. Əgər endokrinoloq pasiyentdə düyünlü zob, hiper və ya hipotireoz aşkar edibsə, təbii olaraq, o, xəstənin nə qədər müddətdən bir müayinə olunacağını müəyyənləşdirir. Bu, üç ayda bir dəfə, altı ayda bir dəfə, yaxud müddət aralığında da ola bilər.

- Əgər diabet erkən mərhələdə aşkar edilərsə, onu müalicə etmək mümkündürmü?

- Bəzən pasiyentlər belə fikirlər səsləndirirlər: “Susuzluq hiss etmədiyim üçün gəlmədim”, “Şəkər xəstəliyinin əlamətlərini oxudum, özümdə tapmıram”. Bunlar yanlış fikirlərdir. Şəkərli diabet asimptomatik olaraq başlayır. Çünki şəkərin artması dərhal yüksək rəqəmlərlə baş vermir. Deyək ki, səhər şəkəriniz 6,2-dirsə, bu, artıq prediabetdin bir əlamətidir. Zamanında müalicə olunmazsa, diabetə keçmə riski çox böyükdür. Təbii ki, xəstələr belə kiçik fərqi hiss etmirlər. Bir müddət sonra inkişaf etmiş şəkərli diabetlə müraciət edirlər. İdeal olaraq ildə ən azı bir dəfə şəkər üçün qan vermək lazımdır. Əgər şəkərdə bir problem olarsa, o zaman qlikohemoqlobinin yoxlanılması vacibdir. Qlikohemoqlobin uzun müddət ərzində qan şəkərinin orta səviyyəsini əks etdirən biokimyəvi qan göstəricisidir. Müasir həyat rejimində insanlar daha çox üstünlüyü hazır qidalara verirlər. Amma nəzərə almaq lazımdır ki, fastfood və yarımfabrikatlarda keyfiyyətli heç nə yoxdur. Gündəlik istifadə olunan bu qidalar bir çox endokrinoloji problemlərə yol açır. Mən hələ onu demirəm ki, belə bir pəhriz həm də mədəaltı vəzi xəstəliklərinə, çox vaxt da öd daşı və müxtəlif bağırsaq xəstəliklərinə səbəb ola bilər. Hazırda diabetin geniş yayılmasının başqa bir amili oturaq həyat tərzidir. Müasir dövrümüzdə demək olar ki, hər kəs saatlarla kompüterin qarşısında oturur. Fiziki aktivliyin az olması, xroniki streslər də öz mənfi təsirini göstərir. Hətta son zamanlar uşaqlarda düzgün qidalanmama, fiziki aktivliyin az olması kiçik yaşlarda karbohidrat mübadiləsinin pozğunluqlarına səbəb olur.

- Əgər pasiyent artıq şəkərli diabetdirsə, o, nə etməlidir?

- Əgər xəstədə artıq şəkərli diabet varsa, o zaman analiz aspekti genişlənir. Çünki belə bir diaqnoz varsa, gələcəkdə bütün orqanizmə təsir göstərəcək. Yüksək şəkər səviyyəsi həm lipid mübadiləsinə, həm də qaraciyərə, qan damarlarına təsir edir. Buna görə də bütün diabet xəstələri ildə iki dəfə diabetin göstəricilərindən əlavə, qaraciyər, böyrək, lipid göstəricilərini nəzarətdə saxlamalıdırlar. İldə bir dəfə kardioloqun, oftalmoloqun və gərəkdiyi halda digər ixtisas həkimlərinin müayinəsindən keçməlidirlər.

- Diabetin əsas səbəbi nədir?

- Əvvəllər irsiyyət əsas səbəblərdən biri idi. İndi isə xəstələri gördükdən sonra deyirəm ki, siz özünüz şəkər xəstəliyinə tutulmaq üçün hər şeyi etmisiniz. Çox vaxt əsas səbəblərdən biri düzgün qidalanmama nəticəsində yaranan artıq çəki, passiv həyat tərzidir. Mən həmişə xəstələrimdən səhər, günorta və şam yeməyində nə yediklərini soruşuram. Onların cavabları isə sadəcə fəlakətdir. Bildirirlər ki, buterbrod, sendviç, çipsi və bu kimi hazır fəstfud yeməklərlə qidalanır, qəhvə, qazlı sular, enerjili içkilər qəbul edirlər.

- Bəs diabet xəstələri yuxunu necə almalıdırlar?

- Bütün hormonlar müəyyən bir zamanda istehsal olunur. Mən tez-tez böyümə hormonuna (somatotrop hormon) diqqət yetirirəm. Kiçik uşaqlar onun təsiri altında böyüyürlər. Yetkin yaşlarda böyümə hormonu saat 23:00-dan 01:00-a qədər ayrılır və maddələr mübadiləsini, yağ yandırmasını artırır. Ancaq adətən böyük şəhərlərdə bir çox insan 23:00-dan 01:00-a qədər yatmır. Çox vaxt isə gecə saat 02:00 və 03:00-a qədər yatmırlar. Buna görə də az yatanlar, bəzən səkkiz saat tam yatanlardan fərqli olaraq, hormonal disbalansın nəticəsində daha çox kökəlirlər.

Söhbətləşdi: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Seçilən
20
41
azertag.az

10Mənbələr