AZ

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Ramin müəllim, ali məktəblərə qəbul imtahanları başa çatıb. Sizcə, sonuncu qəbul imtahanı ictimaiyyətdə nə kimi təəssürat yaratdı?

- Sonuncu qəbul imtahanında bir çox yeniliklər oldu və xoş təəssüratla yadda qaldı. Xüsusilə də yeni açılmış Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, həmçinin ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin bu qəbul ilində digər ali təhsil ocaqları ilə rəqabəti diqqət çəkdi. Qarabağ Universitetinin yüksək nailiyyətləri ictimaiyyət tərəfindən sevinclə qarşılandı. Yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini seçməsi, bu istiqamətdə valideynlərin və abituriyentlərin qərarlılığı qürurverici idi. Məncə, bu vəziyyət xalqın öz dövlətinə yüksək səviyyədə inamının təzahürü kimi qiymətləndirilməlidir. Bununla yanaşı, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetinin yüksək reytinqlə tələbə qəbulu da Türkiyə və Avropa modelinin Azərbaycan təhsilinə xüsusi töhfəsini ön plana çıxarır.

Lakin məyusedici məqamlar da oldu. Keçid ballarının yüksəlməsi, ixtisas qruplarına görə yüksək bal toplayan bəzi abituriyentlərin düzgün seçim etməyərək universitetlərə qəbul ola bilməməsini buna misal göstərmək olar. Abituriyentlər ixtisas seçimi edərkən əvvəlki ilin keçid ballarına görə birbaşa seçim etməməlidir. Müəyyən analizlər və statistik göstəricilər mütləq nəzərə alınmalı, plan yerlərinə diqqət edilməlidir.

- Ali təhsil sahəsində Azərbaycan və xarici ölkə universitetlərinin birgə əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan universitetlərdə Avropa standartlarına uyğun tədrisin aparılması xarici tələbələrlə yanaşı, həm də xarici ölkələrin diqqət mərkəzindədir. Bu, ona görədir ki, bir çox ölkələr Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bir neçə layihə həyata keçirməyə maraqlıdır. Bunlardan ikili diplom proqramları, hökumətlərarası təqaüd proqramları, o cümlədən birgə ali təhsil ocaqlarının açılmasını nümunə göstərmək olar. Artıq Azərbaycanda Türkiyə, İtaliya, Rusiya kimi böyük dövlətlərin ali təhsil ocaqları birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməkdədir. Həmçinin ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, Rusiya, Koreya, Yaponiya, Çin və s. kimi bir çox ölkələrin universitetləri ilə Azərbaycanın ali məktəbləri arasında birgə əməkdaşlıq çərçivəsində ikili diplom proqramları həyata keçirilir. Bunlar reallıqdır və artıq Azərbaycan universitetləri dünya nəhənglərinin diqqətindən yayınmır.

- Dövlətin təhsilə olan münasibətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan dövlətinin ali təhsilə olan diqqəti çox yüksək səviyyədədir. İstər Bakıda, istərsə də regionlarda dövlət universitetləri müsbət irəliləyişlər əldə edib. Prezident İlham Əliyevin ali təhsil ocaqlarının rəhbər kadrlarındakı təyinatı çox müsbət nəticə verdi. Azərbaycan universitetlərində təhsilin inkişafı istiqamətində rəqabət artmaqdadır.

Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi mühüm dövlət sənədlərinin uğurlu icrası ölkənin sosial-iqtisadi həyatına xüsusi töhfə verməklə yanaşı, təhsilin inkişafına da təsir göstərdi.

O cümlədən hər il Azərbaycan universitetlərinə keçirilən qəbul imtahanlarında dövlət sifarişli ixtisasların sayının artması təhsilə olan diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycanla inkişaf etmiş ölkələrin birgə ali təhsil əməkdaşlığı və bu istiqamətdə bir neçə universitetin açılması dövlətin təhsilə olan marağının təzahürüdür.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, o yerlərdə universitet və məktəblərin açılması, eləcə də ölkə daxilində bir çox məktəblərin əsaslı təmiri, tikilməsi, bərpası və fəaliyyətə başlaması dövlətin təhsilə olan diqqətini əks etdirir.

Peşə təhsilinin inkişafı, peşə təhsilinə xüsusi diqqət yetirilməsi, dövlət sifarişli yerlərin sayının artırılması, yüksək peşə təhsili və subbakalavr dərəcəsinin verilməsi də dövlətin təhsil siyasətinin bir parçasıdır.

Məktəb direktorları, direktor müavinlərinin, müəllimlərin seçilməsi və təyinatının imtahanla aparılması və bu istiqamətdə şəffaflığın qorunması, eləcə də şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsinin elektronlaşdırılması təhsilə verilən dəyərin göstəricisidir. Ümumi təhsil məktəblərində müəllimlərin sertifikatlaşdırması prosesi də təhsilverənlərin öz ixtisasları üzrə peşəkarlığının təmin olunmasında atılan addım kimi qiymətləndirir.

- Müəllimlərin sertifikatlaşdırılması imtahanı ilə bağlı bəzi narazılıqlar qeyd olunur. Sizcə, sertifikasiyadan gözləntilər özünü doğrultdumu?

- Mən sertifikasiya imtahanında yüksək nəticə əldə edən heç bir müəllimin şikayətləndiyini görmədim.

Hər kəs öz övladına təcrübəli və peşəkar müəllimin dərs keçməsini arzulayar. Təhsilimizə savadlı və bacarıqlı müəllimlər lazımdır. Bunun üçün də sertifikasiya imtahanı vacibdir. Sertifikasiya imtahanı tənbəlləşən müəllimləri oyadacaq və öz ixtisası üzrə təkmilləşdirəcək. O cümlədən sertifikasiya imtahanından kəsilən müəllimlər növbəti illərdə müəllimlərin işə qəbulu imtahanına iştirak edib müsabiqə şərtlərini ödəyərək təkrar ümumi təhsil məktəblərində işləmə imkanı əldə edə bilərlər.

- Təhsildə aparılan islahatların orta məktəblərdəki effektivliyi barədə nə deyə bilərsiniz?

- Orta məktəblərdə hələ də bir çox problemlər həllini tapmayıb. Hesab edirəm ki, yaxın gələcəkdə məktəblərimizdə neqativ hallara təsadüf olunmayacaq. Bunun üçün bəlkə də, zamana ehtiyac var. Düşünürəm ki, hər bir təhsil müəssisəsinin inkişafı və geriliyi onun idarə olunmasından asılıdır. Biz bunu universitetlərdəki kadr dəyişikliklərindən müşahidə etdik. Universitetlərdəki uğurlu kadr dəyişikliyi ali təhsil müəssisələrindəki neqativ halları aradan qaldırdı və inkişafa doğru irəliləyişi hiss etdirdi. Ümidvaram ki, orta ümumi təhsil müəssisələrində də bu ənənə davam edəcək. Hazırda Elm və Təhsil Nazirliyi və tabeliyində fəaliyyət göstərən agentliklər mütəmadi olaraq orta məktəblərdə yoxlamalar aparır. Neqativ hallara rast gəlindikdə rəhbər şəxslər cəzalandırılır və yaxud vəzifədən kənarlaşdırılır. Bu gün məktəblərə direktorlar imtahanla təyin olunur. Nazirliyin bir çox xidmət sahəsi elektronlaşdırılır. Bu da yaxın gələcəkdə orta məktəblərdə müəyyən dəyişikliklərdən xəbər verir.

Ümumilikdə qeyd edə bilərəm ki, bu gün Azərbaycan təhsili öz inkişaf mərhələsindədir. Əlbəttə, əskikliklər var və bunlar zamanla aradan qaldırılmalıdır. Amma əvvəlki illərlə müqayisədə ali təhsil istiqamətindəki inkişaf mərhələsi diqqəti cəlb edir. Deyərdim ki, Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir.

Mənbə: AZƏRTAC

Seçilən
47
50
ilk.az

10Mənbələr