Ötən gün Qazax rayonunda 11-ci sinif şagirdi intihar edib. Başqa bir intihar hadisəsi Yevlaxda baş verib. Dəmiryolu xəttində relsin üzərinə uzanan rayon sakini Zakir Şakir oğlu Zəkəriyəyevin üstündən qatar keçib. O, hadisə yerində ölüb.
İntihara meyilli insanları necə müəyyən etmək olar? Onları bu fikirdən uzaqlaşdırmaq üçün ailə, cəmiyyət nələr etməlidir?
Moderator.az bildirir ki, mövzu ilə bağlı psixoloq Gülnar Orucova Teleqraf.com-a danışıb.
"İntihar gəncləşib, özünəqəsd insanların gözündə adiləşib. Sosial şəbəkələrdə intihar halları tez-tez gündəmə gəlir. Canlı yayımda intihar edir, sosial şəbəkələrdə intihar səbəbini yazırlar. Bu, anoloji problemili insanları eyni yola sürükləyir. Düşünürlər ki, mən də bu üsulla xilas ola bilərəm.
Onu da deyim ki, çox zaman iradəsi zəif olanlar, psixoloji problemli, depressiyaya meyilli insanlar intihara əl atırlar. Əvvəllər 23-29 yaş aralığında insanlarda intihar riski yüksək olurdu. İndi bu yaş çox gəncləşib.
Ailələr bəzən övladlarını hər şeylə təmin edirlər. Bu halda yaşamaq üçün bir səbəb qalmır. Övladımız nə istəyir edirik, hara istəyir aparırıq, ancaq belə olmamalıdır. Övladı orta məktəbin sonuncu sinfində oxuyan valideyn düşünür ki, uşağı mütləq universitetə qəbul olunmalıdır. Halbuki həyat 3 saat və 120 sualdan ibarət deyil.
Uşağa bahalı telefon almaq o demək deyil ki, onu sevirsiniz. Hər şeydən əvvəl uşağa dəyər verin, diqqət, qayğı göstərin. Övladınıza mənəvi baxıdan gözəl sözlər deyin”.
Psixoloq hesab edir ki, intihar edən yeniyetmələrin valideynlərini nəzarətə götürmək lazımdır:
“Niyə sənin övladın intihar edib? Hansı səbəb bu hadisəyə zəmin yaradıb? İntihar edən insanları ölümündən sonra olsa da ictimai qınağa çevirmək lazımdır. “Öz seçimidir”, “yaxşı oldu, canı qurtardı” yerinə yazılmalıdır ki, “güclü olmalı idi, ona dəstək olmalı idik”.
Özünü binadan atıb sağ qalan şəxslər havada peşman olduqlarını deyirlər. İnsanlar ən çox sevgisizlikdən intihara meyllənirlər. Bizim ailələr övladlarını çox sevir, amma onlara “səni sevirəm” sözünü demirlər”.
Psixoloq intihara meyilli insanların necə davrandıqlarından da danışıb:
“Belə şəxslər ölüm haqqında çox danışırlar. Həyatda heç bir məqsəd olmadığı, yaşamağın mənasızlaşdığı düşüncələri beyinlərində dolaşır. Narahatlıq, həyəcan, yuxu problemiləri olur. Qapalı, ümidsiz, qəzəbli olurlar. Ani emosional dəyişiklikləri onlarda müşahidə etmək olur”.