AZ

Lavrov İrəvana BUNA GÖRƏ getməyib - Sirlər ortaya çıxır

Bakıda verdiyi bəyanata Ermənistan XİN-in sərt cavabı Rusiya xarici işlər nazirini narazı salıb, amma başqa səbəblər də var...
Xəbər verdiyimiz kimi, sentyabr ayının 10-da “İrəvan Dialoqu” adlı beynəlxalq forum baş tutub. İrəvan foruma bir çox ölkədən yüksək səviyyəli qonaqlar dəvət edib. Dəvət edilənlər arasında Rusiyanın XİN rəhbəri Sergey Lavrov da olub.
Lavrovun və Kreml emissarlarının Ermənistanın baş naziri Nikol Paşinyandan və onun siyasətindən xoşları gəlməməsi  təbiidir. Yada salaq ki, Rusiya xarici işlər nazirinin Bakıda verdiyi bir bəyanata Ermənistan sərt cavab vermişdi.  Sergey Lavrov “biz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq. Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, baş nazir Nikol Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir. Üçtərəfli görüşlər və sənədlər çərçivəsində qoyulan təməl tam olaraq aktuallığını qoruyur” deyib.
Rusiya xarici işlər nazirinin ittihamlarına cavab verən rəsmi İrəvan Moskvanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində konstruktiv iştirakını şübhə altına alıb. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan İrəvanın 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən uzun müddət qaçdığını, Zəngəzur dəhlizini açmaqdan imtina etdiyini “unudub”. Hətta məsuliyyəti Moskvanın üzərinə atmağa cəhd edib.
“Noyabrın 10-da bəyanatı imzalayan və onun əsasında regiona sülhməramlı qüvvələr yerləşdirən dövlətin xarici işlər naziri görməməzlikdən gələ bilməz ki, həmin bəyanatda Rusiyanın imzasına baxmayaraq, pozulmamış bir dənə də olsun əsas məqam yoxdur. Bu, Rusiyanın nəzərdə tutduğu proseslərdə iştirakı və məsuliyyətini şübhə altına alır”, - deyə Badalyan bildirib. Lavrovun imtina qərarını Ermənistanın Avropa Birliyinin (AB) Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı son bəyannaməsinə qoşulması fonunda verməsi də  diqqət çəkir. 
"Ermənistanın Avropa Birliyinin (AB) Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı son bəyannaməsinə qoşulması onun üçün fəlakət olardı".
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Ermənistan olmamalı olduğu çərçivədədir. Avropa onu seçim qarşısında qoydu, əgər hökumət o sənədi imzalasaydı, bu, Ermənistan üçün tam bir fəlakət və Rusiya ilə bütün münasibətlərin tamamilə kəsilməsi olardı. Paşinyan buna hazırdırmı? Ermənistan hazır deyil”, - ekspert bildirib.
Tarasov hesab edir ki, Ermənistan özünə problemlər yaradır, sonra bu problemləri siyasətə çevirməyə çalışır: “Əvvəl meydan oxuyub sonra tamaşa düzəltmək lazım deyil. Lavrovun Ermənistanda keçirilən foruma qatılmaması bəs edir. Bu, Rusiyanın belə bir siyasi vəziyyətdə Ermənistanı görməzdən gələ biləcəyinin göstəricisidir. Dəvət etmişdilər, amma Lavrov getmədi. Bu, sadəcə, bir reaksiyadır”.
Politoloqun fikrincə, Ermənistan-Rusiya münasibətlərində durum hələ də pisdir. Onun sözlərinə görə, Ermənistanın Rusiyadakı imici heç vaxt indiki qədər aşağı olmayıb.
Baş nazir Nikol Paşinyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirak qərarına gəlincə, Tarasova görə, bunun heç bir mənası olmayacaq: “Ermənistan Türkiyə və Azərbaycandan fərqli olaraq orada adi bir qonaq olacaq”.
Ermənistan sentyabrın 5-də Avropa Şurasının Ukrayna ilə bağlı qəbul etdiyi bəyannaməyə qoşulmayıb. Şuranın “Ukraynada törədilmiş beynəlxalq cinayətlərə görə məsuliyyətə doğru” adlı bəyannaməsində Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayətlər Məhkəməsinin qərarı dəstəklənir və Ukraynaya qarşı təcavüz cinayətlərinə görə xüsusi tribunalın yaradılmasına çağırış edilir.
“Yeni Müsavat”

Seçilən
35
50
dunyapress.info

10Mənbələr