Son zamanlar dünya mediasında Ermənistanla Rusiya arasında gərginliyin artmasına dair spekulyasiyalar çoxalıb.
Xüsusən də, Moskva ilə İrəvan arasında Zaxarova, Simonyan və digər rəsmilərin fəal iştirak etdiyi ictimai çəkişmə ikitərəfli münasibətlərdə gərginlik illüziyası yaradır.
Halbuki, reallıqda hər iki tərəfdən əsl gərginliyə səbəb ola biləcək ciddi əməli addımların olmadığı və Yerevan-Moskva “duel”inin əsasən ritorik xarakter daşıdığı aydın şəkildə görünür.
Oyunun ssenari müəllifləri bütün dünyanı Rusiya ilə Ermənistan arasında guya dərin ziddiyyətlərə inandırmaq istəyirlər. Halbuki iki ölkə arasında münasibətlər nəinki korlanmayıb, əksinə, möhkəmlənmənin yeni mərhələsini yaşayır. Belə ki, ölkələr arasındakı ticarət dövriyyəsi son 4 ildə 4 dəfəyə yaxın (2020-ci ildəki 2.3 milyard dollardan cari ilin ilk yarısındakı 8.3 milyard dollara) artıb.
Bu artım da Ermənistanın Rusiyaya ABŞ və Aİ sanksiyalarından yayınmağa kömək etdiyi üçün baş verib.
Münasibətləri pozulmaq ərəfəsində kimi görünən Ermənistan sanki heç bir gərginlik yoxmuş kimi Rusiyadan istənilən növ silahları almağa davam edir. Eyni zamanda, 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibə ilə izah edib. Yəni, Azərbaycanla dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri və 2022-ci il fevral tarixli Müttəfiq əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etdirilməsi ilə bağlı müqavilələri olan Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə mahiyyətcə "gözləməyi" təklif edir.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Overçukun Yerevanda Paşinyanla və 2 ölkənin hökumətlərarası komissiyanın həmsədrlərinin 5 saatdan çox davam etmiş görüşü barədə məlumatlar və səsləndirilən rəqəmlər çoxdankı şübhələri daha da gücləndirir :" Rusiya ilə Ermənistanın hazırkı münasibətləri üzdə düşmən, arxada dostluq" prinsipinə söykənir ".
Baş nazirin müavini Overçukun səsləndirdiyi fikir və faktlara baxın ." Ermənistan Avrasiya İqtisadi İttifaqında ÜDM- nin artım templərinə görə ən uğurlu ölkədir, bu ilin 6 ayında ticarət dövriyəmiz 8,4 milyard dollara çatıb, Ermənistana 1 milyondan çox rus turist gəlib və Ermənistan rus turistləri üçün ən əlverişli ölkədir, biz hər yerdə dost erməni xalqının turistlərimizə mehriban və xoş münasibətini görürük və sair".
Deməli, praktikada Rusiya öz forpostuna sadiq qalır. Söhbət təkcə Overçukun ticarət dövriyyəsini artırmaq planlarından getmir. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana silah tədarükünü bərpa edib. Xüsusilə, söhbət bir neçə il əvvəl alınması üçün müqavilələr bağlanmış "Smerç" tipli raketlərin tədarükündən gedir.
Rusiya-Ermənistan oyunlarına diqqət çəkən siyasi şərhçi Aydın Quliyev də "Sherg.az" a açıqlamasında maraqlı məqamlara toxunub:
"Ermənistanın Avrasiya İqtisadi ittifaqında uğurları və Rusiya ilə ticarət münasibətlərinin inkişafından ağız dolusu və "çiçəyi çırtlaya - çırtlaya" danışan dövlət rəsmiləri eyni zamanda siyasi - diplomatik müstəvidə guya dərin "qarşıdurma" münasibətində olduqlarını iddia edirlər. Məhz Rusiya rəsmiləri Ermənistanı Zəngəzur dəhlizinin açılmasını sabotaj etməkdə suçlayır. Ermənistanın baş naziri Nikol Paşinyan isə buna açıq mətnlə "sülh prosesini sabotaj edən özləridir" kimi çox sərt tonda cavab verir. Paşinyan "Mən son telefon söhbətimizdə Putinə elə bu cür də dedim ki, Azərbaycanla sülh normallaşma prosesini ikitərəfli formatda aparırıq və bu, ən münasib formatdır" deyə jurnalistlər qarşısında öyünür. Hətta KTMT- də Ermənistanın fəaliyyətinin dondurulduğunu və lazım gəlsə ondan çıxmaq qərarı da verə biləcəyini sərbəst şəkildə söyləyir, rus sərhədçilərinin İrəvan aeroportundan çıxarılması barədə çoxlarına az qala mümkünsüz görsənən qərarı çox asanlıqla verir və rus sərhəd qüvvələrinin dövlət sərhədlərindən də çəkilib getmələrini rahat şəkildə tələb edir. Rusiya Xin sözçüsü Mariya Zaxarova ilə Ermənistanın parlament spikeri Alen Simonyanın isə bir- birlərinə demədikləri söz qalmır. Halbuki elə Rusiya prezidenti Putinin öz dilindən xüsusilə son illərdə " ikitərəfli mübasibətlərimiz çox yüksək səviyyədədir " bəyanatlarını az mı eşitmişik?! Bu qədər siyasi qarşıdurma və ittihamlardan sonra " ikitərəfli münasibətlərimiz əladır" ifadəsini necə başa düşmək olar!?".
Rusiyanın xarici siyasət taktikasından nümunə gətirən A. Quliyev deyib ki, Rusiya siyasi -diplomatik münasibətlərin zəiflədiyi ölkələrə münasibətini ən azı təbliğat müstəvisində belə bir tezis üzərində qurur- " bizdən uzaqlaşan kimi, iqtisadi inkişafları yavaşıyıb, böhran başlayıb və sair". Onun sözlərinə görə, Ermənistana münasibətdə Rusiyanın nədənsə belə siyasət apardığını görmürük:
"Deyərdim ki, Ermənistanın Rusiyadan uzaqlaşdıqca sanki "daha yaxşı inkişaf etdiyini və ağ günlərə çıxdığını təbliğ edirlər. Belə şey olar? Görsənir ki, ikibaşlı oyunların getdiyi məkanlarda hər şey olurmuş...
Ukrayna müharibəsindən əvvəl 2021- ci ildə Rusiyanın Ermənistanla ticarət dövriyyəsi cəmi 2,5 milyard dollar olduğu halda , bu ilin axırında 16 milyard dollara çatacağını, hər il artımın böyük həcmdə olduğunu nə ilə izah etmək olar? Bunun izahı varmı? Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın dövriyyəsi əsasən malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkəti və rüsumsuz ticarətin hesabına baş verib və bu artım Ukrayna müharibəsindən sonra ildırım sürəti ilə gedib. Sizcə bu təsadüfdür? Ukrayna müharibəsi başlayandan Ermənistandan Rusiyaya ixracın böyük həcmdə artdığını, bu artımın əsasən "çip" texnologiyalı cihaz və avadanlıqlar hesabına baş verdiyini hər kəs bilir. Rusiya sanksiya altında olduğu üçün bu cür ikitəyinatlı mallar əvvəlcə Ermənistana, oradan isə Rusiyaya reeksport olunur. O da bilinir ki, Ukrayna müharibəsindən sonrakı 2,5 il ərzində Ermənistandan xarici ölkələrə qızıl və brilyant ixracı inanılmaz dərəcədə artıb. Bunlar Rusiyanın qızıl və brilyantlarıdır, reeksport qaydasında sanksiyalardan yan keçməklə Rusiyadan gətirilir və sonrakı ünvanlara Ermənistandan ötürülür. Beləliklə , Rusiya və Ermənistan aralarında siyasi qarşıdurma fonu yaratsalar da, əslində hər ikisinə milyardlarla dollar qazanc gətirən dərin iqtisadi- ticarət münasibətləri içindədirlər. Rusiyanın siyasi qarşıdurma çətiri altında olduğu bir vaxtda Ermənistanla ticarətdən əldə etdiyi vəsaitin hara getdiyi məlumdur, bu Rusiyaya nəfəs qədər vacibdir. Ermənistanla da məsələ məlumdur. Rusiya ilə aldadıcı " düşmənçilik" altında qazandığı pulları Fransa və Hindistandan silah - texnika almağa yönəldir".
Rusiyanın Ermənistanı özünə forpost kimi saxlamaq siyasətinin dəyişmədiyini vurğulayan siyasi şərhçi deyib ki, Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi 2018- ci ildən bəri Rusiya-Ermənistan arasındakı pərdəarxası oyun davam edir:
"Maraqlı nüanslardan biri də Rusiyanın bu günə qədər Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanın əsaslı şərtinə real dəstək verməməsi və bu yöndə praktik addım atmamasıdır. Ukrayna Avropa Birliyinə üzv olmaq və NATO ilə yaxınlaşmaq kursu elan edən kimi Rusiya onun başına od ələdi. Eynisini Ermənistan da etdiyi halda, niyə Rusiya Ermənistana qarşı ritorik ittihamlardan başqa heç bir addım atmır, üstəlik onun qara- qura yollarla iqtisadi inkişafına dəstək verir və bundan qürur duyduğunu açıq göstərir?! Bu və digər arqumentlər ikibaşlı Rusiya- Ermənistan oyunlarının getdiyi barədə şübhələri əsaslı dərəcədə gücləndirir".