AZ

Putin Türkiyəyə rus qırıcılarının müşayiəti ilə gələ bilər - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Səfər barədə uzun müddətdir müzakirələr aparılır, ancaq hələlik baş tutmayıb.

 

 “Middle East Eye” nəşrinin iddiasına görə, Putin Türkiyəyə səfəri zamanı təyyarəsinin qırıcılar tərəfindən müşayiət edilməsini istəyib. Nəşr yazır ki, Rusiya Putinin təyyarəsinə uçuş marşrutu boyunca Ukraynanın hücum edə biləcəyi ehtimalından ehtiyatlanır. Qeyd olunur ki, Rusiya prezidentinin Ankaraya səfəri məhz bu səbəbdən təxirə salınıb.

 

Nəşrin yazdığına görə, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.

 

“Ümid edirik ki, səfər hazırlıq işləri bitəndən sonra baş tutacaq. Uzun müddətdir hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir. Bu baş verərsə, Kazanda BRİCS sammitində iki prezident arasında təmasların olmasını səbirsizliklə gözləyirik, lakin ümid edirik ki, belə bir fürsət yaranacaq. Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin bütün təfərrüatlarını açıqlamırıq, onlar qapalı xarakter daşıyır. İndi də bunu etməyəcəyik", - Kremlin sözçüsü Dmitri Peksov jurnalistlərə bildirib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz bildirib ki, Putinin qırıcılarla müşayiət edilərək Türkiyəyə səfər etməsi mümkündür:

 

"Bir ölkənin rəsmi qonağı onun şərəfi, namusu və heysiyyətidir. Beləliklə, qonağı ən yüksək səviyyədə qorumaq, lazımı təhlükəsizlik tədbirlərinin görülməsi o ölkənin boynunun borcudur. Cənab Putinin Türkiyəyə planlaşdırdığı səfəri ilə əlaqədar bəzi mənbələrdə müxtəlif məlumatlar yayılıb. Bu məlumatlar rəsmi olaraq təsdiqlənməsə də, mediada cənab Putinin rus qırıcıları ilə müşaiyyət edilmək istədiyi yazılır. Bu, ola bilər. Elə də şişirdiləsi məsələ deyil. Dolayısı ilə beynəlxalq məhkəmdə Rusiya Prezidenti Vladimir Putinə qarşı verilən qərara görə, onun özünü təhlükə altında hiss etməsi düşünüldüyü zaman bu, başadüşüləndir. Amma Türkiyə qonağını ən yüksək səviyyədə qoruyacaq qabiliyyətdədir".

O, Türkiyənin bu səfərlə bağlı NATO ölkələrinin reaksiyasını önəmsəmədiyini söyləyib:

 

"NATO sistemlərinin reaksiyasına gəldikdə, heç bir ölkə Türkiyənin milli, müstəqil daxili işlərinə qarışa bilməz. Mövzu başqa üçüncü dövləti, yaxud Avropa İttifaqını, NATO-nu maraqlandıran məsələ deyil. Dolayısı ilə onların nə düşündüyü, necə fikirləşdiyi diqqət yetirməli olduğumuz məsələ deyil. Türkiyə artıq o mərhələləri keçib. Başqalarının nə dediyi və düşündüyü deyil, öz milli və müstəqil siyasətini yeridən politika içərisindədir. Təbii ki, rus qırıcılarının türk müdafiə sistemlərinə olan təsiri məsələsində də hərbi səlahiyyətlilər lazmi koordinasiyaları həyata keçirəcəkdirlər. Hər hansı problemin olacağını düşünmürəm".

Seçilən
203
50
modern.az

10Mənbələr