Bu ilin sonuna qədər Azərbaycan hökumətinin logistika subsidiyaların ödənilməsi ilə bağllı qaydaları təsdiqləməsi gözlənilir.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
“Subsidiyaların ödənilməsinə gələn ildən başlanılması gözlənilir”, – deyə o qeyd edib.
“Düşünürük ki, subsidiya müəyyən istiqamətlərdə ləngimələrin qarşısını almağa deyil, alternativ marşrutlardan istifadə edərkən maya dəyərinin aşağı salınmasına dəstək olacaq”, – deyə AZPROMO rəsmisi əlavə edib.
Y. Abdullayev daha öncə “Report”a bildirib ki, logistika subsidiyasıın tətbiqi Azərbaycanın bütün ərazisində nəzərdə tutulur. Ehtimal olunur ki, subsidiya 5-7 il müddətinə, azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiq olunacaq. Bu subsidiya ixracatçı şirkətlərə ödəniləcək və o, daşınma xərclərinin 70%-nə qədər ola bilər. Azad edilmiş ərazilərdə isə logistika xərclərinin dövlət hesabına tam ödənilməsi nəzərdə tutulur.