AZ

Qarabağ veteranlarına qarşı dələduzluq edənlərə prokuror cəza istədi

Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarını qanunsuz yolla ələ keçirməkdə ittiham olunan Elvin Əliyev və Ənvər Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək məhkəmədən Elvin Əliyevin 9 il, Ənvər Əkbərovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmə prosesi oktyabr ayının 2-nə kimi təxirə salınıb. 

Qeyd edək ki, 2021-ci ilin dekabrın 29-dan cari ilin iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim ediblər.

Onlar birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə, zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olublar.
Hər iki şəxs respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər 1-ci Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçiriblər. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.

Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib.

Seymur Əli

Seçilən
109
50
unikal.az

10Mənbələr