AZ

Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür

Hərb

Bakı, 19 sentyabr, AZƏRTAC

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.

AZƏRTAC taleyüklü antiterror əməliyyatının gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salaraq bəzi məqamları xatırladır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdi. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı.

Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi.

Ordumuz düşmənin bədxah niyyətindən xəbərdar idi və bu dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Nəyi, nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı.

Antiterror əməliyyatına Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bir sıra qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi mövqelərini əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı. Vətən müharibəsində olduğu kimi, Ali Baş Komandanın əsas tapşırığı bundan ibarət idi ki, əməliyyat şəxsi heyət arasında minimum itki ilə keçirilsin. Bu məqsədlə Ordumuzun arsenalında olan yüksək dəqiqliyə malik silahlardan düşmənin legitim hədəflərinə zərbələr endirildi. Dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurla hərəkət edərək düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi.

Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqaməti əhatə edirdi. Vətən müharibəsindəki təcrübəyə əsaslanan bölmələrimizin əsasən kiçik qruplar halında hərəkət etməsi nəticəsində düşmən qəfil yaxalandı. Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək bütün yolları kəsdi. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

Antiterror əməliyyatı zamanı hərbi polis bölmələri tərəfindən ərazilərdə komendant və patrul xidmətinin təşkil olundu. Bu, zərurət yarandıqda marşrutların tənzimlənməsinə, hərbi avtomobil texnikalarının müşayiət edilməsinə və hərəkətinin istiqamətləndirilməsinə, qoşunların hərəkət etdiyi ərazilərdə təhlükəsizliyin təmin olunmasına nəzarət etməyə imkan yaratdı. Mühüm əhəmiyyətli obyektlər, milli-mədəni irsə aid abidələr mühafizəyə götürüldü, düşmən bölmələrinin atıb qaçdığı silah və texnikalar ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verildi. Ümumiyyətlə qarşıya qoyulan bütün tapşırıqlar bacarıqla yerinə yetirildi.

Yüksək dəqiqliyə malik ən müasir silahların və radioelektron mübarizə vasitələrinin effektiv tətbiqi əməliyyatın uğurla nəticələnməsində xüsusi rol oynadı. İlk növbədə düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin, idarəetmə orqanlarının və bütünlükdə idarəetmə sisteminin sıradan çıxarılması müqavimət göstərməyə çalışan qüvvələrin idarəetməsini iflic vəziyyətinə saldı və Milli Ordu bölmələrinin sürətlə irəliləməsini təmin etdi. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və uzlaşma sayəsində qarşıya qoyulan hər bir tapşırıq uğurla yerinə yetirildi.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.

Təbii ki, antiterror əməliyyatı üzrə planda nəzərdə tutulan tapşırıqların icrasının qısa zamanda təmin olunmasında komandir və əsgər heyətinin peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında qazanılan təcrübə böyük rol oynadı. Xankəndi şəhərinin həm qərbdən, həm də şərqdən dövrələnərək mühasirəyə alınması düşmənin müqavimət gücünü azaltdı və separatçıların döyüş əzmini tamamilə qırdı. Ərazidəki qanunsuz silahlı qruplaşmalara məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqelərinə eyni anda və qarşılıqlı əlaqə şəraitində güclü zərbələr endirilməsi düşmən qüvvələri arasında şok effekti yaratdı.

Ordumuz düşmənə başını qaldırmağa imkan vermədi. Milli Ordu bölmələrinin 13 istiqamətdə irəliləyərək güclü və dəqiq atəşlər açması Ermənistan silahlı birləşmələrinin qalıqlarının komandanlığını və separatçı rejimin rəhbərliyini çaş-baş qoydu. İdarəetməni itirən, əlavə güc və qüvvə cəlb etməyə imkan tapmayan düşmən qüvvələri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirildi və ya silah-texnikasını ataraq qaçmağa məcbur oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi bu sözlər antiterror tədbirlərinin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar...

Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri hazırda özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan antiterror əməliyyatları Vətən müharibəsindəki böyük Qələbənin, möhtəşəm Zəfərin davamı kimi tariximizə əbədi yazılıb.

Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur.

Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb.

Ötən ilin sentyabrında aparılan antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır, yeni-yeni ünvanlar boy göstərir...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
10
azertag.az

10Mənbələr