AZ

Süni intellektin yaradıcısı onun müsbət və mənfi cəhətlərini açıqlayıb

Süni

Bakı, 26 sentyabr, AZƏRTAC

“OpenAI” şirkətinin baş direktoru Sem Altman “İntellekt əsri” adlı məqaləsində süni intellektin (AI) formalaşdırdığı gələcəyə baxışını bölüşüb. O, süni intellekt texnologiyasındakı irəliləyişlər əsasında cəmiyyətdə köklü dəyişikliklər və qlobal problemlərin həllini proqnozlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Altmanın sözlərinə görə, özündən əvvəlki kənd təsərrüfatı və sənaye əsrləri kimi, intellekt əsri də insan həyatını və fəaliyyətini yenidən müəyyənləşdirəcək, bu gün çətinliklə dərk edə bildiyimiz yeni tərəqqi dövrünü açacaq.

Altman yazır: "Növbəti bir neçə onillikdə nənə və babalarımıza sehrli görünən dəyişikliklər baş verəcək”. O, süni intellektin insan həyatının ayrılmaz hissəsinə çevriləcəyi, misli görünməmiş yaradıcılıq və məhsuldarlığa kömək edəcəyi bir gələcəyi nəzərdə tutur: “Bunların hamısı birdən baş verməyəcək, amma tezliklə süni intellektlə işləyə biləcəyik ki, bu da bizə geniş imkanlar verəcək”.

Baş direktor insan potensialındakı bu labüd sıçrayışı dərin tədqiqatların uğuru ilə əlaqələndirir. “Biz firavanlıqda növbəti sıçrayışın astanasına necə çatdıq? Burada dərin tədqiqat öz nəticəsini verdi. Məlumat bazası nə qədər geniş olarsa, hesablama gücü vasitəsilə AI mürəkkəb problemlərin həllində bir o qədər effektiv olacaq”.

Altman, həmçinin çətinlikləri və riskləri etiraf edir. O deyir: “Hələ anlamalı olduğumuz bir çox təfərrüat var, lakin hər hansı bir problemdən yayınmaq səhv olardı. Ağıllı, həm də inamlı hərəkət etməliyik. İntellekt əsrinin başlanğıcı çox mürəkkəb və son dərəcə yüksək riskləri olan mühüm bir inkişafdır. Bu, tamamilə müsbət bir hekayə olmayacaq, amma onun pozitiv tərəfi o qədər böyükdür ki, qarşımızdakı riskləri necə idarə edəcəyimizi müəyyənləşdirə bilərik”.

“OpenAI” şirkətinin baş direktoru süni intellekt texnologiyasına ədalətli çıxışın təmin edilməsi məsələsinə də toxunaraq vurğulayıb ki, adekvat infrastruktur olmadan süni intellekt yalnız varlılar üçün əlçatan olan məhdud resursa çevrilə və sosial münaqişələrə səbəb ola bilər. O xəbərdarlıq edib: “Texnologiya bizi daş dövründən əkinçilik dövrünə, sonra isə sənaye dövrünə gətirdi. Buradan intellekt dövrünə gedən yol hesablama, enerji və insan iradəsi ilə davam edir. Süni intellekti mümkün qədər çox insana çatdırmaq istəyiriksə, hesablama xərclərini aşağı salmalı və onu zənginləşdirməliyik, çünki bu, çoxlu enerji və çip tələb edir. Əgər kifayət qədər infrastruktur qurmasaq, süni intellekt münaqişələrin baş verəcəyi çox məhdud bir resurs olacaq və bu, əsasən zəngin insanlar üçün alətə çevriləcək”.

Əmək bazarlarında potensial problemlərə baxmayaraq, Altman əmin edir ki, AI insan yaradıcılığı və faydalılıq üçün yeni imkanlar yaradacaq: “Digər texnologiyalarda gördüyümüz kimi, AI-də də mənfi cəhətlər olacaq. Biz süni intellektin faydalarını maksimuma çatdırmaq və zərərlərini minimuma endirmək üçün indidən işə başlamalıyıq. Bir misal olaraq, bu texnologiyanın gələcək illərdə əmək bazarlarında (yaxşı və pis) əhəmiyyətli dəyişikliyə səbəb ola biləcəyini gözləyirik, lakin əksər iş yerləri insanların düşündüyündən daha yavaş templə dəyişəcək və mənin bu məsələyə dair heç bir qorxum yoxdur. Belə ki, süni intellekt bizə öz qabiliyyətlərimizi heç vaxt olmadığı səviyyədə gücləndirməyə imkan verəcək”.

Altman məqaləsini ümidverici bir proqnoz ilə yekunlaşdırır: “İntellekt əsrinin müəyyənedici xüsusiyyəti kütləvi rifah olacaq. Süni intellekt dünyanın ən çətin problemlərinin çoxunu həll etməklə yanaşı, həm də bəşəriyyətin nəyə qadir olduğunu yenidən müəyyənləşdirəcək”.

 

 

Seçilən
24
50
azertag.az

10Mənbələr