AZ

Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 567,7 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 9,3 % çoxdur.

Bankların aktivlərinin 24 milyard 547,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45,2 %-dən 49,5 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,6 % artaraq 43 milyard 256 milyon manata, o cümlədən depozit portfeli 9,4 % artaraq 35 milyard 3,9 milyon manata çatıb. Bunun 13 milyard 891,8 milyon manatı fiziki, 21 milyard 112,1 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,2 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 7,05 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,4 dəfə azalaraq 44,8 milyon manat olub.

Sektorun balans kapitalı isə 7,3 % artaraq 6 milyard 311,7 milyon manat təşkil edib.

Seçilən
52
5
ikisahil.az

10Mənbələr