AZ

Yeniliklərə imza atacaq yeni Milli Məclis

Milli Məclis: Milli həmrəylikdən parlament diplomatiyasına Növbədənkənar parlament seçkiləri elan olan zaman Milli Məclisin yenilənəcəyinin də mesajları verilirdi. 

İlk mesaj da parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasından (YAP) gəlmişdi. 70 nəfərlə parlamentdə çoxluq təşkil edən hakim partiya növbədənkənar seçkilərdə VI çağırış deputatlarından 18 nəfərin namizədliyini, ümumiyyətlə, irəli sürmədi. Bununla da ilkin məqsədə nail olundu. 

Yenilənmə parlamentdə azlıqda olan digər partiyalar və bitərəf namizədləri də əhatə etdi. Onların sıralarından da yenidən namizədliyi irəli sürülməyənlər oldu. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı namizəd olmadılar, onların yerinə təmsil etdikləri partiyadan başqa şəxslərin namizədliyi irəli sürüldü. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə ümumiyyətlə, növbədənkənar seçkilərdə namizəd olmadı.

Bitərəflərdən Adil Əliyev, Etibar Əliyev, İltizam Yusifov, Vahid Əhmədov, Jalə Əhmədova və Rüfət Quliyev seçki marafonunda iştirak etmədilər. Namizədlərin irəli sürülməsi və qeydiyyata alınmasından sonra artıq parlamentin növbəti çağırışında bir çox yeni simaların olacağı bəlli idi. 

Siyasi həmrəylik və milli birlik əməli fəaliyyətdir

Seçkilərdə ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-nin iştirak etməsi seçkiyə yanaşma, siyasi təşkilatların seçkilərə münasibətinin dəyişməsi və seçki prosesinin şəffaf və demokratik keçirilməsinin təzahürüdür. Bu, bir daha göstərir ki, ölkədə mövcud olan siyasi həmrəylik, milli birlik söz və şüar olaraq deyil, əməli fəaliyyətdir. 

Dialoq mühitinin yaratdığı yeni siyasi konfiqurasiya partiyaların fəaliyyət imkanlarını genişləndirib, onların seçki prosesinə qatılmasını təmin edib. Azad rəqabət mühiti, şəffaf seçkiöncəsi və təşviqat prosesi onlarda seçkilərə inam formalaşdırıb. 

Bütün bunların əsas mənbəyi dialoq mühitinin qorunub saxlanmasının, siyasi həmrəyliyin dayanıqlı olmasının və dövlətin siyasi partiyalara daha geniş imkanlar yaratmasının, onların fəaliyyətinin stimullaşdırılmasının nəticəsidir. Elə ona görə də 25 partiya 308 namizədlə seçkidə iştirak etdi. 

Seçkilərin ümumi mənzərəsini təhlil etdikdə bunu da xüsusi qeyd etmək lazımdır ki, seçkilər çoxlarının arzuladığı kimi qarşıdurma və siyasi birliyə xələl gətirəcək notda keçmədi. 

Əksinə, sivil siyasi mübarizənin şahidi olduq. Namizədlərin seçki taktikası, görüşlər, seçicilərlə ünsiyyət o formada quruldu ki, cəmiyyət tam şəkildə sivil siyasi seçki kampaniyasının iştirakçısına çevrildi. Bu, bir daha təsdiqləyir ki, seçkiyə yanaşma sistemli və şəffaf olmaqla yanaşı, siyasi həmrəyliyi özündə ehtiva edən əsl paradiqma oldu. 

Bu seçkini özünəməxsus edən səbəblər

Növbədənkənar parlament seçkilərinin ilk dəfə bütün Azərbaycan ərazisində keçirilməsi xüsusi qeyd edilməlidir. Xatırladaq ki, 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkiləri də ilk dəfə bütün Azərbaycan ərazisində keçirilmişdi. Bu da müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mühüm əhəmiyyət kəsb edir.

Seçkilərin nəticəsi təsdiqlənib və Milli Məclis artıq öz işinə başlayıb. Məclisin rəhbərliyi, komitələr, komitə rəhbərləri, üzvlər seçilib. Burada da yenilənmənin şahidi olduq. Milli Məclisin rəhbərliyində yeni  simalar təmsil olunurlar. Eyni zamanda, komitə sədrləri və onların müavinlərinin tərkibinə baxdıqda, bu yenilənmənin şahidi oluruq. 

Mandat qazanan azlıqda olan partiyaların təmsilçilərindən biri Milli Məclis sədrinin müavini, bir partiya sədri komitə sədri, digərləri isə komitə sədrinin müavini vəzifəsində təmsil olunurlar. Daha bir uğur isə ötən çağırış seçkilərdən fərqli olaraq, bu dəfə Milli Məclisin 125 üzvlə fəaliyyətə başlaması oldu. 

Xatırladaq ki, ötən çağırışda 4 dairədə nəticələr ləğv edilmiş və Milli Məclis 121 deputala işə başlamışdı. Yeni Milli Məclisdə siyasi partiyalar 81, bitərəflər isə 44 nəfərlə təmsil olunurlar.

81 nəfər siyasi partiya təmsiçisindən 68 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), 3 nəfəri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), 2 nəfəri Ədalət, Hüquq, Demokratiya Partiyasının nümayəndəsidir. Digər partiyalar - Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası isə 1 mandatla parlamentdə təmsil olunur. 

Xatırladaq ki, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası ilk dəfə parlamentdə təmsil olunan partiyalardır.

Parlament diplomatiyası Azərbaycana nə verəcək?

Milli Məclisin yeni tərkibdə fəaliyyəti müasir dünyanın və yeni çağırışların tələblərinə uyğun qurulmalıdır. Azərbaycanın 44 günlük müharibə və antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü tam bərpa etməsini, nəzarətindən kənar saxlanılan bütün torpaqları öz yurisdiksiyasına qaytarmasını qəbul etməyən dövlətlər və qüvvələr var. 

Onlar açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyət göstərir, təbliğat aparır və Ermənistanı silahlandırıb, yeni müharibəyə təhrik etməkdən belə çəkinmirlər. Beynəxalq dairələrdə ermənipərəstlik davam edir. 

Qarabağ regionunu öz xoşu ilə tərk edən ermənilərin geri qaytarılmasından danışır, amma Ermənistandan zorla qovulan azərbaycanlıların öz yurdlarına qayıtması süngü ilə qarşılanır. 

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına imkan verilmir. Sülh prosesinə qarşı təzadlı münasibət sərgilənir, Ermənistana yeni ideyalar verilməklə, sülh prosesinə əngəl törədilir. Bu gün dünyada baş verən siyasi proseslər fonunda yeni Milli Məclis həm də siyasi diplomatiyanın əsas xəttini təşkil edəcək. 

Parlament diplomatiyası Azərbaycanın uğurlarını dünyaya çatdırmaqda xüsusi rola malik olacaq. Milli Məclisin yeni tərkibi ölkənin bütün sahələrinə aid məsələləri, problemləri müzakirə edib, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, bacarıq və dünyagörüşlə dünya miqyasında informasiya texnologiyalarının yaratdığı imkandan istifadə etməklə, müasir çağırışlara öz tohfəsini vermək iqtidarındadır. 

Qarşıda görüləsi böyük işlər var və yeni Mili Məclisin bu istiqamətdə uğurlu  fəaliyyət göstərəcəyi də məlumdur. 

Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışı zamanı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm mesajlar verib.

“Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. 

Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”, - deyə Prezident bəyan edib. Bu, o deməkdir ki, Azərbaycan cəmiyyətinin bütün spektlərini təmsil edən qüvvələr bu istiqamətdə fəaliyyət göstərəcəklər. 

Ona görə də Milli Məclisin fəaliyyətində bu istiqamətin xüsusi əhəmiyyət daşıyacağı və parlament diplomatiyasının bu məsələdə xüsusi töhfəsinin olacağı şübhəsizdir. Milli Məclisdə olan dəyişikliklər söyləməyə əsas verir ki, yeni parlament dövrünə qədəm qoyulub və bu Milli Məclis növbəti 5 ildəki fəaliyyəti ilə cəmiyyətin bütün gözləntilərini doğruldacaq. 

“Cebheinfo.az”

Seçilən
141
29
cebheinfo.az

10Mənbələr