İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bunu turnirin Liqa mərhələsinin 2-ci turunda İtaliya təmsilçisi “Bolonya” ilə matçda reallaşdırıb.
Bu, vingerin sözügedən yarışda 45-ci qolu olub. Misirli futbolçu İngiltərənin digər təmsilçisi “Çelsi”nin sabiq hücumçusu Didye Droqbanı geridə qoyub. Fil Dişi Sahilindən olan sabiq hücumçu UEFA Çempionlar Liqasında 44 qol vurmuşdu.
Qeyd edək ki, “Liverpul” – “Bolonya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 9 oyuna 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 357 oyun, 216 qol, 93 məhsuldar ötürmə.
Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. Salah “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 100 oyun keçirib, 56 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.