AZ

Kitabsevərlər üçün platforma: Bakıda keçirilən yubiley sərgisindən REPORTAJ – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Oktyabrın 2-dən 10-a kimi davam edəcək builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub.

Sərgi ilə tanışlıq zamanı öyrəndik ki, Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçiliblər. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, azərbaycanəsilli Fəriba Vəfi isə sərginin fəxri qonaqları sırasındadırlar.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Müşahidələrimiz və öyrəndiyimiz məlumatlar əsasında onu da qeyd edə bilərik ki, bu ilki sərgi təkcə yeni nəşrlərin təqdimatları ilə deyil, həm də ədəbiyyat və təhsil sahəsində maraqlı müzakirələr, görüşlər və seminarlarla yadda qalacaq. Tədbir yerli və xarici nəşriyyatlar, yazarlar və kitabsevərlər üçün platforma yaratmaqla yanaşı, kitab oxuma vərdişlərinin inkişafına və mədəniyyətlərarası dialoqa böyük töhfə verir.

Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər də təşkil olunur.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Elşad Əliyev Medianews.az-a bildirib ki, ümumilikdə 9 gün davam edəcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Onun sözlərinə görə, sərgidə 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılıb: “Sərgi günlərində uşaqlar və böyüklər üçün müxtəlif ustad dərsləri, dünyanın və Azərbaycanın tanınmış yazıçıları ilə imza günləri görüşlər, kitab təqdimatları, müxtəlif mövzularda konfranslar, seminarlar, musiqi saatları, nağıl saatları keçiriləcək. Uşaqlar üçün ümumilikdə 320-dən çox tədbir proqrama daxildir. Beynəlxalq sərgidə nəşriyyatlar tərəfindən yaradılan zonalar ilə yanaşı, nazirliyin də təşkil etdiyi üç zona var. Bunlar Füzuli zonası, Yaşıl zona və Lütfi Zadə zonasıdır. Zonalarda hər saatın tamamında müxtəlif tədbirlər keçirilir”.

Sərgidə olduğumuz müddətdə beynəlxalq nəşriyyatların iştirakının tədbirə xüsusi rəng qatdığını, dünyanın bir çox ölkəsindən olan nəşriyyatların öz kitablarını təqdim etdiyini, Azərbaycan oxucularına qlobal kitab dünyasının yeniliklərini tanıtdığını müşahidə etdik. Bununla yanaşı, gənc yazıçılar və oxucular üçün ustad dərsləri təşkil olundu, onlara kitab yazma prosesinin incəlikləri izah edildi.

Venesuelalı yazıçı Anna Maria Oviedo Palomares Medianews.az-a açıqlamasında qeyd edib ki, uşaqdan tutmuş böyüklərə qədər, xüsusən də balacaları kitabların yanında görmək onu qəlbən sevindirir, məmnun edir: “Bizim gələcəyimiz məhz o uşaqlardan asılıdır. Latın Amerikası ədəbiyyatının da burada nümayişi məni sevindirir. Hələ ki, az sayda kitablarımız nümayiş olunur. Lakin ümid edirəm ki, gələcəkdə digər sərgilərdə daha çox sayda səfirliklər iştirak edəcək, öz ölkələrinin ədəbiyyatını, kitablarını təqdim edəcəklər. Digər dövlət qurumlarının da öz nəşrləri ilə bu sərgidə iştirak edəcəyinə əminəm. Mən bu sərginin ən xoşbəxt adamıyam. Çünki İspan dilindən Azərbaycan dilinə tərcümə edilən və çap olunan ilk kitabları burada görmək mümkündür. Bu, bir venesuelalı vətəndaşın kitabıdır. Ümumiyyətlə, kitab üç xalqa həsr olunub”.

Sərgi Azərbaycanın kitab nəşriyyatçılığı və ədəbiyyat sahəsindəki inkişafını göstərməklə yanaşı, gənc nəsli kitaba və oxumağa maraq göstərməyə təşviq edir. Bu barədə daha ətraflı Medianews.az-a danışan “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu söyləyib ki, 30 mindən çox kitabı sərgiyə çıxarıb: “Bu nəşrlər sırasında daha çox özünü inkişaf kitabları satılıb. Uşaq kitablarının da çeşidi çoxdur. Həmişəkindən daha çox hazırlıqlıyıq, amma həmişəkindən daha az kütləvilik var. Dövlət təşkilatları demək olar ki, burada iştirak etmirlər. Mən çox istəyirdim ki, dövlət təşkilatları da burada iştirak etsinlər”.

Naşirin qənaətincə, “Azercell”, “Coca-cola”, SOCAR kimi təşkilatlar məqsədli şəkildə buraya gəlməli, sərgiyə qatılmalı, beynəlxalq səviyyəli bu tədbirdə iştirak etməlidirlər: “Kitab sərgisini sadəcə məktəblilərin öhdəsinə buraxmaq olmaz. Məktəbli gəlir, kitabları görür, çıxıb gedir. Bu, belə olmamalıdır. Nəşriyyatları cəmiyyət özü saxlamalıdır. Dövlət təşkilatlarını bura yönəltmək  lazımdır ki, onlar gəlsinlər, kitabı görsünlər ki, Azərbaycanda hansı nəşriyyatlar var, hansı kitablar nəşr olunur. Əks halda, bu şəkildə nəşriyyatlar yaşaya bilməz. Biz buraya gəlmişik, amma sərgiyə gələn insanların sayı ilə bizim gözlədiyimiz üst-üstə düşmür. Hər yerdə fərqli bir mənzərə var. Hesab edirəm ki, bu məsələ təşkil olunmalıdır. Azərbaycanda lazım olarsa, bu məsələ inzibati amirlik qaydasında həllini tapmalıdır. Əks halda bu sərgilər effektli olmayacaq”.

Sonda xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin edilir. Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıqdır. Sərgiyə giriş ödənişsizdir.

Maral ŞAHVERDİLİ

Nihat TAHİROV

 

 

 

Seçilən
198
8
medianews.az

7Mənbələr