“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandın çıxışı haqda danışıb.
Arena.az almaniyalı futbolçunun “qolçu vikinq” barədə fikrini təqdim edir:
“Düşünürəm ki, mən Haland kimi hücumçularla mübarizə aparmağı sevən “köhnə məktəb”in müdafiəçisiyəm. Bu adam bir vəhşi yırtıcıdır. Nə yeyib-içir, nə edir, bilmirəm, amma vay-haray. Onun gücü… Onun vurduğu qolları görəndə bilirsən ki, top uzaq dirəyə doğru yuxarı havalansa, ona qalib gələ bilməyəcəksən. O, vəhşi heyvandır, dəlidir”, deyə Rüdiger bildirib.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 11 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 107 oyun, 101 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.