AZ

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup depuatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
 
Moderator.az müraciəti təqdim edir.
 
İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmışdır. Otuz illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini təmin etmişdir.
 
Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.
 
Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
 
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.
 
Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
 
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
 
Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir.
 
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
 
2020-ci il Vətən Müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar.
 
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?
 
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nədən sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini “yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almasını pisləmirlər?
 
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmişdir və Azərbaycandan min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.
 
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
 
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə onları qəhrəmanlaşdırmış bir ölkədir.
 
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutmuşdur. Azərbaycan daha çox ABŞ-ni maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişdir. Bir sözlə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır.
 
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin ABŞ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına, Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.
 
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçmişdir. ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xəttlər yaradır.
 
Bu kontekstdə, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
 
Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır. Dövlət Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.
Seçilən
3
49
moderator.az

10Mənbələr