AZ

"O sözlərin ünvanı atam olub" - Xalq artistinin siyasətçi qızından MARAQLI AÇIQLAMALAR

“Bir müddət idi ki, Bakıda idim. Sabah yenidən Ankaraya yola düşürəm. Hazırda Ankarada, Hacettepe Universitetində siyasi elm və dövlət idarəçiliyi fakültəsində ingilis dilində təhsil alıram. Qarşıda hələ magistr təhsili də var. Siyasətə hər zaman marağım olub. Harada təhsil alsam da gələcəkdə öz ölkəmdə çalışacağam. Bakıya gəlməyimin məqsədi də atamın anım günündə iştirak etmək idi. Bakıya gələndə atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova deyib.

O daha sonra əlavə edib: “Atam həmişə deyirdi ki, aktyor sənəti çox çətindir, kənardan baxan insana asan gələ bilər. Əslində atam məni həkim görmək istəyirdi. Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Aktyor sənəti ilə sən yerində saya bilməzsən. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm”.

Ş.Bağırova söyləyib ki, ürəyində atasına deyə bilmədiyi çox söz qalıb: “Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Hər səhər duranda anama deyirəm ki, Allah mənə elə şeylər nəsib etsin ki, sənin mənim üçün çəkdiyin əziyyətləri unutdurum, nə isə edə bilim. Yaxşı ki, anam, nənəm var. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım. Mən bu gün problemlərimi, hansısa çətinliklərimi heç kimlə bölüşməyi sevmirəm. Şükür Allaha, heç bir problemim yoxdur, amma olsa belə, bunlardan heç kimin xəbəri olmaz. Həyatda nələrisə əldə etmək istəyirəm ki, atamın adını doğrulda bilim. Qismət. Biz çox şey istəyə bilərik, amma əsas nəticədir. Ona görə də bir çox şeyləri əldə etmədən öncə nələrisə söyləmək istəmirəm. Bunlar hamısı zamana bağlıdır”.

Seçilən
0
2
musavat.com

10Mənbələr