AZ

Zibili yerə atmaq olmaz, bəs zibilqabı yoxdursa...

Mütəxəssislər hesab edir ki, cərimələrin miqdarı haqqında yenidən düşünülməlidir və tullantıların idarə olunması ilə bələdiyyələr məşğul olmalıdır

İnzibati Xətalar Məcəlləsinə yeni dəyişiklər edilir.  Dəyişikliklərə görə məişət tullantılarını kənar yerlərə atanlar, şəhəri zibilləyənlər 300-500 manat civarında cərimələnəcəklər.  Cərimə tətbiqi hüquqi baxımdan yaxşı addımdır. Ancaq ortada suallar var: minimum əmək haqqı 340 manat olan ölkədə 300 manat cərimə məbləği nə dərəcədə uyğundur? Digər məsələ, Bakıda və regionlarda zibilqabı problemi ciddidir. Bəzən 500 metr addımlasan da zibilqabı tapmırsan. Həmçinin Bakının elə qəsəbələri var ki, bələdiyyələr, icra qurumları oranı zibilqabı ilə təmin etməyib. Məsələn, Mehdiabad qəsəbəsi. Burada insanlar zibili evlərinin qabağına qoyur, 3-5 gündən bir maşın gəlib yığır. Bəzən bu yığım 1 həftə, 10 gün sonra baş verir.

Cərimə tətbiqi yaxşıdır, bəs zibilqabı təminatını kim həyata keçirsin?

Yeri gəlmişkən, 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib və onların 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olub. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

Tural

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı bizimlə söhbətdə mövzuya münasibət bildirib: “Ölkəmizdə sosial vəziyyətin indiki məqamında vətəndaş üçün fantastik sayıla biləcək səviyyədə artırılmasını doğru hesab etmirəm. İnsanları maarifləndirməklə, sosial videoçarxlarla məlumatlandırmaqla neqativ halların qarşısını almaq daha yaxşı idi, nəinki cəza tətbiq edilməsi. Qiymətlər fantastik dərəcədə yüksəkdir. İndiyə qədər bu qanunla çıxış edənlərin heç biri bu məbləğlərin necə formalaşdığını, hansı meyarlarla formalaşdığını izah etmirlər. Qanunvericiliyi daha peşəkar şəkildə hazırlamaq lazımdır. O da bir başqa məsələdir ki, tullantılarn toplanması üçün lazımi yerlər zibil qutuları ilə təmin edilibmi. Bu standartlar artıq dünyada təsbit olunub. Böyük şəhərlərdə adambaşına məişət tullantıları nə qədər olur, neçə məsafədən zibil qutuları qoyulmalıdır bunu öyrənmək lazımdır. Bunlar hamısı böyük şəhərlərdə, hətta kiçik qəsəbələrdə standartlaşdırılıb. Amma Azərbaycanda bunlar nəzərə alınmayıb. Kimin dövlət orqanı ilə əlaqəsi var, o qutuları yaxın məhəllədə yerləşdirir, ya da dövlət özü uyğun bildiyi yerə qoyur. Bununla bağlı normativ aktlar qəbul olunmalıdır”.    

Diplomlu

 Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, küçələrin çirkləndirilməsi ürəkaçan deyil: “Bunun qarşısını iki istiqamətdə, həm hüquqi, həm  inzibati tənbeh tədbirləri ilə, həm də maarifləndirmə yolları ilə almaq mümkündür. Ancaq ilk öncə biz fikirləşməliyik ki, insanların tullantıları atması üçün kifayət qədər zibil qutusu varmı? O qutuların məntəqələr üzrə yerləşdirilməsi nə dərəcədə təmin olunub. Çünki bəzən olur insanlar tullantıları əllərində tuturlar, gözləri zibil qutusu axtarır, amma tapa bilmirlər. Bu, həll olunmalıdır. Bu, kompleks yanaşma tələb edir. İlk növbədə resursları təmin etmək lazımdır. Bununla bərabər bildirişlər, işarələr olmalıdır. Yəni zibil qutuları ilə bağlı istiqamətləndirici bildirişlər olmalıdır. Həm də zibil qutuları yaşayış massivində insanların sayına uyğun olmalıdır. Haqlı bir sual odur ki, minimum əmək haqqı ilə cərimələrin miqdarı arasında əkslik var. Cərimələr insanların maddi imkanlarına uyğun olmalıdır. Belə olmadıqda, bu bir qədər humanist yanaşma olmur. Cərimələr çıxış yollarından biridir, ancaq kafi tədbir deyil. Hesab edirəm ki, cərimələrin miqdarı haqqında düşünmək lazımdır. İnzibati tənbeh tədbirlərindən daha öncə biz insanlar arasında təbliğat aparaq. Hətta könüllülərin iştirakı ilə flaşmobla ictimai yerlərdə bu mesajları ötürə bilərik”.

Rövşən

Rövşən Abbasov 

Ekoloq Rövşən Abbasov bizimlə söhbətdə deyib ki, tullantıların idarə olunması ilə bələdiyyələr məşğul olmalıdır: “Bu, idarəetməni asanlaşdırmaq üçündür. Bundan ötrü bələdiyyələrin müəyyən imkanları olmalıdır. Misal üçün, tullantı maşınları olmalıdır. Özüm də elə ərazidə yaşamışam. Tək Mehdiabad yox, bir çox yerlərdə vəziyyət acınacaqlıdır. Masazır istiqamətində də vəziyyət ürəkaçan deyil. Əhali tullantılar üçün ödənişləri etmək istəmir, bu çox pis haldır. Masazırda məktəbin yanında bir yer var, insanlar bütün tullantıları ora tökürlər. Böyük bir ərazi tullantı ilə dolu olur. Maşın oradan gün ərzində 5-6 dəfə zibil daşıyır, amma yenə də çatdıra bilmir. Bunun təşkil edilməsi üçün bələdiyyələrə müvafiq imtiyaz verilməlidir. İnsanlar da başa düşməlidir ki, tullantıların yığışdırılması üçün ödəniş etmək lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
93
29
musavat.com

10Mənbələr