AZ

Qərbin Gürcüstanda yeni "Ukrayna planı" gürcü xalqına qeyri-müəyyənlik vəd edir...

Image

Qərbin qonşu Gürcüstanda və Ermənistanda yeni Ukrayna ssenarisi tətbiq etmək niyyəti heç kimə sirr deyil. Əslində, bu istəyin Azərbaycanda da həyata keçirilməsinə cəhdlər olub. Amma onlar hamısı iflasa uğrayıb. Gürcüstan və Ermənistanla bağlı vəziyyət isə tamam fərqlidir.

Artıq Ermənistanda ikinci Ukrayna ssenarisinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradılıb. Qərbin ən böyük istəyi Ermənistana soxulmaq və bununla da Rusiyanı Cənubi Qafqazdan qovmaq, eləcə də İrana daha yaxın olmaqdır. Yəni Qərbin bu niyyətlərində Ermənistan dövlətinin və erməni xalqının maraqları yer almır. Bi istəyinə d Qərb xeyli yaxınlaşa bilib. Sirr deyil ki, hazırda Ukrayna poliqona çevrilib. Əslində orada Rusiya ilə Ukrayna mübarizə aparmır, Qərblə Rusiya savaşı gedir. Ermənistanda da eyni ssenarisinin daha dəhşətli olması ehtimalı var. Ukraynanın Qərbə çıxışı var, amma Ermənistanın yox. Deməli erməniləri daha böyük problem gözləyir. Bu xüsusda “armenuanreport” portalı yazır ki, Rusiyanın Ukraynada yeni uğurları Ermənistan üçün çox xoşagəlməz xəbərdir: “Bəli, bizə bu, çox güclü təsir göstərir. Belə ki, rus qoşunları Zaporojye cəbhəsinin Vremevski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb və Levadnoye kəndinin şimal kənarı üzərində Rusiya bayrağını sancıb. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Mixaylovka kəndinin tutulduğunu açıqlayıb. Amma ən əsası, Toretsk şəhərinin ərazisinin 50-65 faizi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bəli, Ukrayna Silahlı Qüvvələri bir neçə aydır döyüşlərin getdiyi Dzerjinskdəki “Severnaya” mədəninin tullantı yığını üzərindəki mövqelərini tərk edib. Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin bəyanatlarına əsasən, ruslar Ukrayna müdafiəsini keyfiyyətcə deyil, kəmiyyət baxımından yarırlar. Üstəlik, Ukrayna hərbçilərinin qeyd etdiyi kimi, Kiyevin ehtiyatları tükənib və səfərbərlik potensialı azalıb ki, bu da Ukrayna ordusunun bütün cəbhə xətti boyunca geri çəkilməsini əvvəlcədən müəyyənləşdirir. Yeri gəlmişkən, cəbhənin Pokrovsk şəhərinə yaxınlaşması ilə əlaqədar Ukraynanın polad sənayesi məhv olmaq təhlükəsi altındadır. “The Economist” nəşri yazır ki, söhbət ən böyük kokslaşan kömür mədəni “Krasnoarmeyskaya-Zapadnaya” və “Pokrovski” mədən və emalı zavodundan gedir. Qeyd olunur ki, bu qurğular itirilsə, Rusiya Ukraynanın polad sənayesinin qalıqlarını məhv edə biləcək. Bunun üçün Pokrovski tutmaq belə lazım deyil - elektrik təchizatını söndürmək və zavodlara gedən yolları bağlamaq kifayətdir. Ümumiyyətlə, hər şey gözümüzün qabağında çökür. Bu fonda   Almaniya Ukraynaya daha ağır hərbi texnika göndərməyəcək. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Ukraynanın maliyyələşdirilməsini davam etdirmək istəmədiyini və buna ehtiyac olmayacağına ümid etdiyini bildirib. O bildirib ki, Ukraynada müharibənin sona yaxınlaşa biləcəyinə dair heç bir əlamət görmür. Fransa da yardımları azaldır.  Beləliklə, açıq-aydın, müharibə Rusiyanın xeyrinə başa çatır. Kiyevdə aşkar olanı istədikləri qədər inkar edə bilərlər, lakin biz təkcə Ukraynanın deyil, həm də onun müttəfiqlərinin tam uğursuzluğunu görürük. Və ona görə də təəccüblü deyil ki, qonşu Gürcüstan da öz tarixi dönüşünü edib və ya Rusiyanın qoynuna qayıdıb. Əslində biz bir çox ölkələrdə eyni şeyi görürük. İndi gəlin Ermənistan barədə düşünək. Biz Azərbaycanla Rusiya arasında yaxınlaşma dərəcəsini görürük. Digər tərəfdən, Rusiyada bizdə hakimiyyəti dəyişməyə necə can atdıqlarını görürük. Biz başa düşürük ki, Ukraynadakı qələbədən sonra ölkəmizlə bağlı bütün Rusiya-Azərbaycan planlarının həyata keçirilməsi şansları daha da artıb. Biz başa düşürük ki, heç bir Fransa, heç bir ABŞ bunun qarşısını ala bilməyəcək. Xüsusilə də Tramp ABŞ-da qalib gəlsə”. Qeyd edilir ki, bu halda Rusiya Ermənistanda daha aqressiv savaş sərgiləyəcək.

Belə bir vaxtda Gürcüstanda hakim “Gürcü arzusu” partiyası qarşıdan gələn seçkiləri sülhlə savaş arasında həyati seçim kimi qələmə verməyə çalışır. Hökuməti tənqid edənlərsə iqtidarın vəd etdiyi sülhü düşmən Rusiyaya təslim olmaq sayır. Hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində savaşda dağıdılan Ukraynanın ağ-qara görüntülərini çiçəklənən, barış ortamında yaşayan Gürcüstanın şəkilləri ilə yanaşı qoyur, onlardan seçki kampaniyasında faydalanır. Ukraynada darmadağın edilmiş bir küçə Tiflisdə bu yaxınlarda təmir edilmiş Çavçavadze prospektinin yanında təsvir edilir. Ukraynada bombalanmış futbol stadionu Gürcüstanda mövcud iqtidarın dövründə tikilmiş çoxsaylı idman arenalarından biri ilə qarşılaşdırılır. Ukraynaya aid görüntülərin altında “Müharibəyə yox”, Gürcüstanın görüntülərinin altında isə “Sülhü seçin” sözləri yazılıb. “Gürcü arzusu”nun kəskin tənqidçilərindən biri olan prezident Salome Zurabişvili   qeyd edir: “Mən heç zaman bu qədər utancverici, mədəniyyətimizi, ənənələrimizi, tarix və inanclarımızı bu qədər aşağılayan bir şey görməmişəm”.  Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya qoşunları Gürcüstana hücum edib. Beş gün sürən bu savaşın ardınca Moskva Gürcüstandan qoparılmış Abxaziya və Cənubi Osetiyanın bölücü rejimlərinə hərbi və diplomatık dəstəyini daha da gücləndirib. Gürcülər bunu ərazilərinin işğalı sayırlar. “Gürcü arzusu”nun liderləri Rusiya mövzusunu nadir hallarda dilə gətirsələr də, onların dördüncü dəfə seçilmək üçün səsləndirdikləri arqumentlərindən biri də şimal qonşusu ilə mürəkkəb münasibətləri yönəltməyə qadir tək partiya olmalarıdır. “Gürcü arzusu”nun qurucusu və de-fakto lideri Bidzina İvanişvili qeyd edir: “Oktyabrın 26-da biz müharibə və sülh arasında seçim edəcəyik”. Sülh vədi “Gürcü arzusu”nun da, İvanişvilinin də hələ 2012-ci ilin oktyabrında ilk dəfə hakimiyyətə gəlmələrindən bəri başlıca mesajı olub. 2008-ci ildə Rusiya Gürcüstanı cəzalandırmaq üçün ona qarşı savaş açdığı zaman prezident Mixail Saakaşvilinin komandası hakimiyyətdə idi. İvanişvilinin 2012-ci ildəki kampaniyadakı mesajı Saakaşvilini Rusiyanın hücumunu təşviq etməkdə suçlamaq üzərində qurulmuşdu. Hakimiyyətə gələndən sonra “Gürcü arzusu” Kremllə münasibətlərdə daha az qarşıdurmaya girməyə çalışıb. Müxalifətin çox bölümü belə davranışı rusiyapərəst mövqe sayır. Qərb isə Gürcüstanı Rusiya ilə üzbəüz qoymağa çalışır. Burada da Ukrayna ssenarisinin tətbiqi Qərbin maraq dairəsində yer alır. Bu fonda iki il öncə Rusiya Ukraynaya qarşı tammiqyaslı savaş başladandan sonra “Gürcü arzusu”nun sülh narrativi daha da güclənib. Bu məsələyə son dərəcə ehtiyatla yanaşan Gürcüstan liderləri Rusiyanın hücumunu tənqid etməkdən boyun qaçırdılar və hətta tez-tez antiukrayna ritorikasından da çəkinmədilər. Ukrayna və bəzi başqa qüvvələr Gürcüstanı Abxaziya və Cənubi Osetiyada Rusiya qüvvələrinə qarşı ikinci cəbhə açmaqla Rusiyaya qarşı ortaq mübarizəyə töhfəsini verməyə çağırdı. Gürcüstan rəsmiləri tədricən belə çağırışları ümumdünya konspirasiyası kimi qələmə verməyə başladılar. Onlar bunu Gürcüstanı müharibəyə sürükləmək məqsədi güdən “qlobal savaş partiyası” adlandırırlar. İndi - parlament seçkiləri yaxınlaşdıqca, “Gürcü arzusu” müharibə və sülh məsələlərinə əvvəlkindən də çox diqqət çəkməyə çalışır. Partiya hətta bölücü Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti bərpa edə biləcəyinə də eyham vurub. Baş nazir İrakli Kobaxidze bu xüsusda qeyd edir: “Bizim iki milli vəzifəmiz var, o da ərazi bütövlüyümüzü bərpa etmək və ölkəmizdə yoxsulluğa son qoymaqdır. Bizim bütün proqramımız bu iki milli vəzifəni gerçəkləşdirmək amacı daşıyır”. O, ərazilərə nəzarətin necə bərpa ediləcəyi haqda təfərrüatlara varmasa da, bunun regional siyasi durumdakı dəyişiklik fonunda əldə ediləcəyini söyləyib.  İvanişvilinin özü bu yaxınlarda deyib ki, gürcülər 2008-ci ildə baş verən müharibəyə görə osetinlərdən üzr istəməlidirlər. O, Saakaşvilinin Qərb müttəfiqlərinin onu müharibəyə başlamağa təhrik etdiyinə eyham vurub. ABŞ və Aİ “Gürcü arzusu”nun məğlubiyyətinə ümid etdiyini aydın göstərdiyi kimi, Rusiya da hakim partiyanın qələbəsini dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətini “xarici agent” qanunlarını qəbul etmək və “LGBT təbliğatı”na qarşı durmaq kimi addımlara görə tərifləyib. Tiflisin Qərb tərəfdaşlarını qəzəbləndirən də məhz bu addımlardır.

Samirə SƏFƏROVA





Seçilən
88
50
baki-xeber.com

10Mənbələr