AZ

Zəngəzurda ABŞ və Qərb Rusiya ilə savaşır: Türk İttifaqı isə orbitr rolunda hər iki tərəfə şərtləri diqtə edir

Türk İttifaqı səbrli prinsipiallığa üstünlük verir, ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının yekun nəticələrinin aydınlaşmasını gözləyir... Məhz bundan sonra üstünlük qazanan tərəfin, regionda şəriksiz strateji mövqeyə sahib Türk İttifaqı ilə anlaşmaq məcburiyyətində qalacağı isə qətiyyən şübhə doğurmur...

Cənubi Qafqazda geopolitik savaş indi daha təhlükəli mərhələyə keçməyə başlayıb. Üstəlik, bu mərhələ yalnız Azərbaycan və Ermənistan arasında qarşıdurma ilə məhdudlaşmır. Əksinə, bu dəfə Cənubi Qafqaza aidiyyəti olmayan regiondan kənar beynəlxalq siyasi iradə mərkəzlərinin kobud müdaxiləsi artıq açıq müstəviyə keçməyə başlayıb. Və bu, yaxın gələcəkdə Cənubi Qafqazı uzunmüddətli hərbi-siyasi xaosa da sürükləyə bilər.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geopolitik savaşın iştirakçıları arasında indi yalnız bir "proxy" obyekt mövcuddur. Belə ki, rəsmi İrəvan bu qarşıdurmada yalnız Ermənistanı təmsil etmir. Çünki Ermənistan hazırda ABŞ, Avropa Birliyi və Fransanın siyasi müstəmləkəsinə çevrilib. Ona görə də, Ermənistan həm də Qərbin "geopolitik aləti" kimi "proxy vasitə" rolunu da oynayır. Və bu, rəsmi İrəvanın üzərində Ermənistanın maraqlarını aşan öhdəliklər yaradır.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg

Məsələ ondadır ki, rəsmi İrəvan ABŞ, Avropa Birliyi və Fransaya Cənubi Qafqaza yerləşərək, regionda möhkəmlənmək imkanları açmalıdır. ABŞ və Qərb Ermənistandan məhz bunu tələb edir. Paşinyan hakimiyyəti isə bu istiqamətdə ABŞ və Qərbin bütün tələblərini yerinə yetirməyə çalışır. Və Ermənistanın regional təsir imkanları Qərbin belə strateji hədəfləri üçün effektiv məzmun daşımadığından rəsmi İrəvan ciddi problemlər ilə də üzləşir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin maraqlarına xidmət kursu ucbatından Ermənistan üçün taleyüklü xarakter daşıyan yekun sülh sazişini imzalamaq şansını da əldən buraxmaq üzrədir. Çünki rəsmi İrəvan bu məsələni Azərbaycanla birbaşa təmaslar üzərindən həll etmək variantından uzaqlaşaraq, Qərbin verdiyi təlimatların icrası ilə həll etməyə cəhd göstərir. Və nəticədə Qərbin strateji hədəfləri aktuallığını qorusa da, Ermənistanın sülh sazişi imzalamaqla, təhlükəsizlik problemini həll etmək şansları arxa plana keçmiş olur.

Təbii ki, bütün bunlar Ermənistanı geopolitik savaşın əsas poliqonuna çevirməyə başlayıb. Ona görə də, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı o qədər də inandırıcı görünmür. Çünki rəsmi İrəvan bu barədə davamlı danışsa da, əslində, sülh prosesini sabotaj edir. Və bu səbəbdən də, hazırda Cənubi Qafqazda geopolitik savaşın daha fərqli istiqamətləri ortaya çıxmağa başlayıb.

9daeb22bcdae162aba7a5615dd3edaff.jpg

Məsələ ondadır ki, bu region ətrafında cərəyan edən hərbi-siyasi proseslər indi birbaşa Zəngəzur dəhlizi üzərində indeksləşib. Belə ki, ABŞ və Qərb Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya ilə qarşıdurma vəziyyətindədir. Çünki Rusiya da bu dəhlizə şəriksiz nəzarət hüququ qazanacaqda israrlı mövqe tutur. Kreml hər imkanda rəsmi İrəvana 10 noyabr üçtərəfli anlaşmasında Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarət etməsini nəzərdə tutan bəndi xatırladır. Və buna Paşinyan hakimiyyətinin reaksiyası hələlik Rusiyanın maraqlarına birbaşa zərbə xarakteri daşıyır.

Rəsmi İrəvan Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməli olduğunu vurğulayır. Eyni zamanda, Paşinyan hakimiyyəti bir tərəfdən üçtərəfli anlaşmada bu dəhliz barədə hər hansı maddənin olmadığını iddia edir. Digər tərəfdən isə rəsmi İrəvan üçtərəfli anlaşmasının öz hüquqi qüvvəsini artıq itirdiyini də bildirir. Bunu əsaslandırmaq üçün isə "Laçın dəhlizi"nin artıq mövcud olmadığını, Rusiya sülhməramlı qüvvələrinin isə Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarıldığını ön plana çəkir. Və bununla da Ermənistanın həmin sənədə atılan imza ilə öz üzərinə götürdüyü öhdəliklərdən artıq imtina etdiyini dolayısıyla da olsa, qabardır.

Ancaq son vaxtlar rəsmi İrəvan Kremlin sərt və israrlı təzyiqlərinə tab gətirməkdə də ciddi şəkildə çətinlik çəkir. Ona görə də, baş nazir Nikol Paşinyan Rusiyaya Zəngəzur dəhlizinin fəaliyyətində təhlükəsizliyin təmin olunmasının manitorinq edilməsi ilə bağlı funksiyaların verilə biləcəyini bildirib. Bu isə həm Rusiyanın təzyiqləri qarşısında geri çəkilmə görüntü yaratmaq, həm də ABŞ və Qərbin Zəngəzur dəhlizi ilə bağlı yeni məkrli planının reallaşdırılma cəhdi kimi dəyərləndirilir. Və bu plana nə Azərbaycanın, nə də Rusiyanın razılaşacağı qətiyyən inandırıcı görünmür.

e76961df-0ca5-4ea4-bd65-e66e65881256.jpg

Məsələ ondadır ki, ABŞ və Qərb rəsmi İrəvan üzərindən Zəngəzur dəhlizinə xarici şirkətin nəzarət etməsi ilə bağlı ideya irəli sürüb. Qərbdə hesab edirlər ki, məhz bu variant Rusiyanın Zəngəzur dəhlizinə nəzarət iddiasını bloklamaq imkanı verə bilər. Nəticədə ABŞ və Qərbi təmsil edən xarici şirkətin bu nəqliyyat-kommunikasiya xəttinə yerləşdirməklə, Rusiyanı olduqca önəmli regional iştirak mexanizmindən məhrum buraxmaq mümkün olar. Və bu səbəbdən də, Qərb Ermənistanı Rusiyanın iddialarına müqavimət göstərməsi üçün cəsarətləndirməyə cəhd göstərir.

Bununla belə, ABŞ və Qərbin Zəngəzur dəhlizində əsas rəqibi yalnız Rusiya deyil. Belə ki, bu məsələdə Türk İttifaqının mövqeyi həlledici xarakter daşıyır. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün strateji prioritetlərin sırasında yer alır. Bu səbəbdən də, Türk İttifaqının bu dəhlizin ABŞ, Avropa Birliyi və Fransanın nəzarətinə keçməsi ilə razılaşacağı qətiyyən inandırıcı görünmür. Hər halda, Azərbaycan və Türkiyə bütün Türk Dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin Qərbdən və Rusiyadan kənar geopolitik şərtlər çərçivəsində fəaliyyətə başlamasında birbaşa maraqlıdır.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan və Türkiyənin nə vaxtsa Zəngəzur dəhlizinin mütləq açılacağına əminlik ifadə etməsi tamamilə başadüşüləndir. Sadəcə, Türk İttifaqı bu məsələdə maksimum səviyyədə səbrli prinsipiallıq nümayiş etdirmək niyyətindədir. Türk İttifaqı ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının yekun nəticələrinin aydınlaşmasını gözləyir. Məhz bundan sonra üstünlük qazanan tərəfin Türk İttifaqı ilə anlaşmaq məcburiyyətində qalacağı qətiyyən şübhə doğurmur. Və məhz həmin mərhələdə Cənubi Qafqazda strateji mövqeyə malik olan Türk İttifaqı öz şərtlərini qarşı tərəfə daha effektiv şəkildə diqtə etmək imkanları qazanacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
102
19
ekologiya.az

10Mənbələr