Şimali Koreyanın Rusiyaya 10 minlik hərbi kontingent göndərməsi bir sıra mənbələrdən təsdiqlənməkdədir. Hətta iki minə yaxın əsgərin Rusiyada hazırlıq keçdiyi bildirilir. Bu, müharibəyə artıq 3-cü ölkənin birbaşa müdaxiləsi kimi qiymətləndirilməlidir və məsələnin pərdəarxası mahiyyətinin rəsmən üzə çıxarılmasını qaçılmaz edir.
Bu xəbərin bir müsbət tərəfi də odur ki, Rusiyanın hərbi gücünün məğlubedilməz olması haqqında tokayevkimilərin iddiasının boş danışıqdan başqa bir şey olmadığı isbat olunur. "Məğlubedilməz" Rusiya Şimali Koreyadan hərbi dəstək alır.
Bu məlumatdan sonra, diqqətlər və çağırışlar yenə Qərbə yönəlib. Bir çoxları Qərbi dişsizlikdə, lənglikdə, səhv strategiyada günahlandırır. Əslində, Qərb Ukraynaya hər zaman dəstək verib, sadəcə, bu dəstək müharibənin tez bir zamanda bitməsi və Rusiyanın məğlub olması üçün yetərli olmayıb.
Bu yetərsizlik isə, planlı şəkildə aparılır. Bu yaxınlarda televiziya efirlərinin birində də bu barədə xüsusi qeyd etdim ki, Qərb üçün əsas məsələ, təkcə Putin və onun təmsil etdiyi rejimə qalib gəlmək deyil. Bu tip rejimləri qidalandıran şovinist və imperialist cəmiyyətlərin və siyasi elitanın məğlub edilməsi daha vacibdir. Necə ki, bu yaxınlarda eynən Tokayevin dediyi kimi - "Rusiya əhalisinin prezident Putinin siyasətinə dəstəyi tarixin özü ilə təsdiqlənən bir faktdır".
Bu açıqlamanı bu cür də oxumaq olar: Putin rus insanının daha çox nəyi istədiyini yaxşı bilir.
Zəif iqtisadiyyat, qalib gələ bilmədiyi müharibə, antidemokratik mühit Rusiyanı yeni bir inqilaba sövq edə bilər. Lakin rus insanı üçün son dövrlər qırılmış qürurunu nisbətən bərpa etmək daha önəmli hadisədir. Bu mənada Rusiyanın dünyaya meydan oxuması psixoloji olaraq bütün iqtisadi problemlərin önünə keçir, çünki rus insanının mahiyyətində şovinizm dayanır. Putin də bunu çox yaxşı dəyərləndirən bir liderdir.
Yaxşı, o zaman sual ola bilər ki, rus insanının qüruru nə zaman qırıldı və niyə qırıldı?
Rusiya II Dünya Müharibəsindən sonra böyük güc və nüfuz qazanmışdı. Şərqi Avropanın və Asiyanın böyük bir hissəsi nəzarəti altında idi. Güc bölgüsündə böyük uğurlar əldə etmişdi. Dünyanın, az qalsın yarısına hökm edirdi. Lakin əsrin ikinci yarısından sonra, vəziyyət get-gedə dəyişdi.
Əfqanıstan savaşı, Koreya savaşı, Vyetnam savaşı, Balkan mübaribələri, İraq savaşı, Liviya savaşı, Suriyadakı vətəndaş müharibəsi, uzun illərdir davam edən İsrail-Fələstin münaqişəsi...
Bütün bu hərbi-siyasi toqquşmalar ya siyasi cəhətdən regionda gücün qorunmasına, ya da neft-qaz yataqlarının, eləcə də enerji daşıyıcıları marşrutlarının, strateji giriş-çıxış nöqtələrinin, dəniz limanlarının bölüşdürülməsindən ötrü aparılıb. Rusiya bütün bu aparılan savaşlarda hər hansı bir yolla (birbaşa və ya proksi) iştirak edib, böyük əksəriyyətində ya məğlub olub, ya da qismən güzəştlər qarşılığında öz mövqeyini qoruyub.
SSRİ-nin de-fakto və de-yure dağılması ilə isə, Rusiya tamamilə zəiflədi və nəticədə dünya super gücündən regional gücə çevrildi.
Beləliklə də,
Varşava müqaviləsi (SSRİ-nin başçılıq etdiyi) ləğv edildi.
Rusiya Avropadan (Şərqi Avropa və Baltikyanı region da daxil olmaqla) birdəfəlik çıxarıldı.
İkinci Dünya Müharibəsindən sonra aparılan qlobal güc bölgüsü siyasətinə son qoyuldu.
Ukraynadakı müharibə isə olan-qalan "rus ordusu" mifini də darmadağın etdi.
Əlbəttə, sadalanan məğlubiyyətlər uzun əsrlər boyu "dünyanın ən güclüsü mənəm” deyən rusların qüruruna toxunur. Bu səbəbdən, gücünü nisbətən qoruyub saxladığı keçmiş postsovet ərazisini, Rusiyanın tam mütləqiyyətlə yenidən ələ keçirmək istəyi başadüşüləndir.
Lakin 60 ildir dünya siyasətində uduzan, daha doğrusu, uduzdurulan, sahib olduğu gücü bütün istiqamətlərdə mərhələli şəkildə əlindən alınmış Rusiyaya qarşı, bu gün Qərbin ehtiyatlı davranışı haqqında tələsik qənaətə gəlmək, sadəlövhlükdən başqa bir şey deyil.
Görün, nə vəziyyətə düşüblər ki, Şimali Koreyanın tarixdə heç bir hərbi uğuru olmayan çəlimsiz əsgərlərinə möhtac qalıblar. Bu gün Qərbi Ukraynaya zəif dəstək verməkdə günahlandırmaq, yumşaq desək, bir az da tarix dərsindən zəif qalmaqdır.
Bu arada, Rusiyanın "əfsanəvi gücü" haqqında rəvayətlər emal edənlərin menyusuna, yuxarıda sadaladığım statistik informasiyaları təqdim etməkdə bir məqsədim də odur ki, xalqımız bu müzakirələrdən faydalanıb ruhunu diri tuta bilsin.
Müşahidə edirik ki, bu savaş başlayandan bəri bizim ölkəmizdə Kremlə elə, ya belə bağlılığı olan bütün dairələrin təbliğatında ana xətt, Qərb ölkələrinin Zelenskini gürcü Saakaşvili kimi ortalıqda buraxacağı və Rusiya ilə savaşmağın axmaqlıq olduğunu daha geniş auditoriyalara tirajlamaqdır.
Bir də, bu müharibənin əsas mahiyyətini də unutmaq lazım deyil. Bu, sadəcə ərazi üstündə sıradan bir savaşı deyil. SSRİ-nin qurucusu olan üç slavyan xalqından birinin imperialist siyasətdən üz döndərib, Qərb mədəni-siyasi dəyərlərinə, daha dəqiq desək, DEMOKRATİYAYA doğru yol alması, Putin Rusiyasının SSRİ-ni bərpa etmək kimi axmaq bir arzunu birdəfəlik dəfn etmək idi.
Qısası, təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm siyasi, həm də hərbi planda Rusiyanın nəfəsi daralır. Bu isə, əlbəttə, Rusiyaya bağlı güclərin ürəyincə deyil. Elə buna görədir ki, məyus olan tərəfin təbliğat maşını çöküş prosesini dirəniş kimi göstərməyə çalışır digər tərəfdən isə Qərbin, konkret olaraq Amerikanın Ukraynanı meydanda tək buraxacağının tablosunu çəkməyə çalışır.
Hətta Rusiya ilə razılaşmağa çağırışlar belə edirlər, fəqət dərk etmirlər ki, Rusiya anlaşmağı anlamır. Onun aləmində anlaşmaq ona tabe olmaqdır. Bunu çox dəqiq analiz edən Qərbin Beyin Mərkəzləri ciddi hazırlanmış proqram əsasında Rusiyanı çökdürmək yolu tutublar.
Hərçənd, bu prosesi tezləşdirmək üçün bizim də, yəni Türk Dövlətlərinin də ciddi dəstəyinə ehtiyac vardı. Təəssüf ki, biz bu prosesdə yer almadıq.
Nəinki Ukraynanı, hətta Avropanı, eləcə də çağdaş dünyanı Şimaldan gələn orta əsrlərin qaranlığından qoruya biləcək sabit güc və qüvvə, sözsüz ki, Türklərdir.
Geniş mənada TÜRKLƏR!
Məsələn, Ukraynada yaşayan Krım Türklərindən başlayaraq, Rusiyanın içində yaşayan Kazan və Başqırd türklərinə qədər.
Ukrayna, Türk Keneşindən tutun, Türk Qurultayları Platformalarına qədər hər sahədə Türk Dünyasının bütün platformalarına inteqrasiya edə bilərdi. Ukraynanın Türk Dünyasının bir hissəsi olması Rusiyanın içində olan bütün Türk xalqlarının Kremlin imperialist siyasətinə qarşı etirazı üçün bir ilham qaynağına çevrilərdi. Böyük Proses başlamış olardı.
Digər yandan, istər MDB, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, istərsə də AVRAZES-ə üzv olan Türk respublikaları Rusiyanın Ukraynaya qarşı olan iqtisadi və siyasi münasibətinə əngəl olar, ya da ən azından dəstək verməyəcəklərini sərt dillə bildirə bilərdilər.
Çox təəssüf ki, bunların heç biri baş vermədi.
Türk Cümhuriyyətlərinin böyük əksəriyyətinin dəhşətli bəlası olan avtotarizimdən əziyyət çəkməsi buna imkan vermədi. Bu səbəbdən, arada Qərbi dişsizlikdə ittiham edəndə, dönüb özümüz haqqında da düşünək gərək. Qərb 60 ildir rusların sahib olduqlarını bir-bir əlindən almaqdadır və bu proses uğurla davam edir. İndən sonra yüz Şimali Koreya olsa belə!..
Anar Əsədli