Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 13-cü turunun oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası Sofiya təmsilçisi “Septemvri” ilə qarşılaşıb. Doğma meydanda baş tutan bu oyunda “Arda” qalib gəlib – 2:1.
Hüseynov bu görüşün 66-cı dəqiqəsində meydana buraxılıb.
“Arda” cari mövsümdə keçirdiyi 13 oyunda topladığı 21 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Cəlalın komandası bu mövsüm 6 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 45 rəsmi oyuna çıxıb, 1 qol vurub.