AZ

Azərbaycan NATO ilə enerji təhlükəsizliyi və iqlim dəyişikliyini müzakirə edir

Bu gün Bakıda enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan - NATO” tədbirinin açılışı olub.

Bunu Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Anar Mütəllimov deyib.

O qeyd edib ki, tədbir Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədinə qoşulmasının 30 illiyi çərçivəsində təşkil olunub.

“Bizim görüşümüzün vaxtı NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmaq baxımından çox əhəmiyyətlidir. NATO ilə 30 illik əməkdaşlıq alyansın çərçivə proqramının öhdəlikləri, dəyərləri və prinsipləri, eləcə də BMT Nizamnaməsi ilə şərtlənib. Bu raund enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı məsələlərin öyrənilməsi üçün əla fürsət olacaq”, - o bildirib.

O əlavə edib ki, ötən il Azərbaycan 23 milyard dollara yaxın məbləğdə qaz ixrac edib.
Mütəllimov bildirib ki, Avropaya enerji tədarükünün artması ilə əlaqədar Azərbaycanın kritik enerji infrastrukturu təkcə ölkənin özü üçün deyil, həm də NATO üçün vacibdir.

"Çünki boru kəmərləri ilə nəql və ya neft platformaları üçün təhlükə tədarük zəncirini pozacaq. Bundan əlavə, müttəfiq ölkələrin nəhəng şirkətləri Asiya-Sakit Okean regionuna böyük həcmdə sərmayələr qoyur. Bu baxımdan yeni bazarları şaxələndirməyə imkan verəcək enerji layihələri NATO-nun enerji təhlükəsizliyini də təmin edəcək”, - o bildirib.

Dəyirmi masanın iclasında NATO-nun İnnovasiyalar, hibrid məsələlər və kibertəhlükəsizlik şöbəsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən müvafiq sahə üzrə ekspertlər və Azərbaycanın müvafiq qurumlarının akademik dairələrinin təmsilçiləri iştirak edirlər.

“Ümid edirəm ki, bugünkü tədbir müxtəlif hökumətlərin, Azərbaycan orqanlarının nümayəndələri, o cümlədən ekspertlər və NATO qurumlarının nümayəndələri ilə belə mühüm mövzunun müzakirəsi üçün Azərbaycan və NATO arasında praktiki əməkdaşlıq üçün mühüm platformaya çevriləcək”, - Mütəllimov əlavə edib.

Tədbir çərçivəsində enerji təhlükəsizliyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, mühüm enerji infrastrukturu və onun mühafizəsi ilə bağlı mümkün təhdid və risklər, iqlim dəyişikliyi problemi ətrafında fikir mübadiləsi aparılacaq.

Seçilən
37
9
sam.az

9Mənbələr