Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir, ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlər inkişaf etdirilir. Müstəqil Azərbaycanın balanslaşdırılmış xarici siyasi kursunun məntiqi olaraq dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın Şərq və Qərb, eləcə də Şimal və Cənubla milli maraqlarını qorumaqda fəal əməkdaşlığı dövlətlərarası münasibətlərinın inkişafının göstəricisidir. Azərbaycanın BRICS çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Belə ki, BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bütün bunlarla yanaşı olaraq, qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında iştirakı ölkəmizə olan etimadın daha bir nümunəsidir. Azərbaycan Prezidentinin bu tədbirdə çıxışında verdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bunun 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini çıxışında diqqətə çatdıran Azərbaycan Prezidenti "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir", - deyə bildirib. 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Əlbəttə ki, ölkəmizin sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və bunun nəticəsidir ki, Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırıldı. Sədrlik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Həmin zaman COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, dövlət başçımızın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına yol açıb. Ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Azərbaycanın Sədrliyi dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb.
Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə hər zaman nail olub. Qazandığı təcrübə deməyə əsas verir ki, ölkəmiz istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir. Bu yaxınlarda ölkəmizdə keçiriləcək dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası yenidən dünyanın nəzərini ölkəmizdə cəmləşdirəcəkdir. "Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik", - deyə Prezident bildirib.
Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edən Azərbaycan İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı kimi tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir. Azərbaycan Prezidentin vurğuladığı kimi, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - deyə Prezident iştirakçıların diqqətinə çatdırıb.
XVI BRICS Sammiti əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, BRICS təşkilatına üzv olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi dövlətlər dünya iqtisadiyyatında və siyasətində mühüm rola malikdirlər. Ölkəmiz sözügedən dövlətlərlə siyasi, iqtisadi əməkdaşlıqda yeni imkanlar əldə edib. Kazan şəhərində keçirilən Sammitdə Azərbaycan Prezidentinin iştirakı bir daha göstərir ki, ölkəmiz BRICS üçün əhəmiyyət kəsb edən dövlətdir.
Güləddin DADAŞOV,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini