“Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri dünyanın ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanması ilə bağlı şərh verib.
Arena.az xatırladır ki, ən nüfuzlu fərdi futbol mükafatının məhz Rodriyə təqdim edilməsi futbol ictimaiyyətini iki cəbhəyə bölüb.
Bir qisim Rodrinin qalib olmasını təbii qarşılayıbsa, digər cəbhə seçimin ədalətsiz olduğunu, “Qızıl top”un “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniora verilməli olduğunu düşünür.
“İlk növbədə mənim üçün dünyanın ən vacib insanına – rəfiqəm Loraya təşəkkür etmək istərdim. Bu gün bizim ildönümümüzdür…
Bir çox dostlarım mənə yazıblar ki: “Bu gün futbol qalib gəldi!”, deyə ispan futbolçu mükafatlandırma mərasimində bildirib.
Xatırladaq ki, Vinisius Junior mükafat uğrunda səsvermədə ikinci olub. Bununla bağlı etiraz əlaməti olaraq Vinisius klubunun bütün nümayəndələri kimi mükafatlandırma mərasiminə qatılmayıb.
Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.