AZ

“Turan Tovuz”a qol vuran tovuzlu: “Bəlkə mənə də qapı açıldı”

“Turan Tovuz”a 2:7 hesabı ilə uduzduq. Yeni komandayıq, cəmi 3 aydır ki, bir yerdəyik. Rəqib isə illərin komandasıdır, təcrübəlidir. Onlarla mübarizə aparmaq çətindir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Hypers Quba” klubunun futbolçusu İlqar Ələkbərov deyib.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Turan Tovuz”a 2:7 uduzduqları oyundan danışıb: “Tovuz klubu bu gün az qala “Qarabağ” səviyyəsində futbol oynayır. Həm əsas, həm ikinci heyəti yaxşı səviyyədədir. Kollektiv oyun göstərirlər. Onlar məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər. Mən bir tərəfdən də sevinirəm ki, “Turan Tovuz”a qarşı oynadım. Özüm də tovuzluyam, amma Premyer Liqada oynadığım vaxtlar bu rayonun komandası yox idi. İndi var və yaxşı da komandadır. Bəlkə də əksəriyyət bu cür böyük hesablardan sonra düşünür ki, aşağı liqa komandalarının kubokda nə işi var? Birinci və İkinci Liqada elə futbolçular var ki, onlar əsas çempionata düşə bilmir. Bu cür oyunlar həmin futbolçulara şərait yaradır. Özüm də bu barədə düşünürəm. Aşağı liqada oynasam da, bəlkə gələn mövsüm elə qapı açıldı ki, əsas liqaya yollandım. Hesabın belə böyük olması normaldır. Əsas çempionat komandaları çox üstündürlər. Normal haldır. Həm də komandamızda elə oyunçular var ki, yalnız həvəskar çempionatda oynayıblar”.

“Aşağı liqada Premyer Liqa səviyyəsində futbolçu varmı” sualına isə yarımmüdafiəçi belə cavab verib: “İkinci liqada oynayanların əksəriyyəti yaşlı oyunçulardır. Maksimum 3-4 dənə gənc futbolçu olar. Yaşlı futbolçuların da əksəriyyəti bu gün ailəsini dolandırmaq üçün, futboldan kənar qalmamaqa üçün orada çıxış edirlər. Ümumiyyətlə, ikinci liqadan kiminsə yuxarılara getməsi çətindir. Amma yenə də bu cür oyunlarda fayda var. Təcrübə toplayırlar, bəlkə şans yaranacaq. Adi matçlarda oranı heç kim izləmir, heç kəs görmür”.

Ələkbərov tovuzlulara qarşı matçda etdiyi dubldan da söz açıb: “Sevindirici haldır, Premyer Liqada keçirdiyimiz günləri xatırladım. 2 qol vurdum, bu cür təcrübəli komandanın qapısına yol tapdım. Əlbəttə ki, sevinirəm. Özü də doğma rayonumun komandasının qapısına vurdum. Yəni Premyer Liqa komandasına qarşı oynamaq yaxşı haldır”.

AĞA

Seçilən
58
12
futbolinfo.az

10Mənbələr