Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şəhid ailələri, qazilər və YAP fəalları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, həmçinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov açılış nitqində Azərbaycanın Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi qələbənin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu zəfər hər bir azərbaycanlı üçün əziz və qiymətlidir və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədalət bərpa olunub.
Tədbirdə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərək tarixi qələbənin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. O, şəhidlərin hər birinin gələcək nəsillər üçün rəşadət və qorxmazlıq nümunəsi olduğunu bildirib.
Daha sonra 187 nömrəli məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək Azərbaycanın Vətən müharibəsində göstərdiyi şücaətin dünya miqyasında yeni müharibə nümunəsi yaratdığını və Azərbaycanın gücünü nümayiş etdirdiyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib və sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.