Bu münasibətlə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AZQMƏVŞAİB) Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, sədr müavini Məlahət Məhərrəmova, deputatın köməkçisi Rəşad Quliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhidimizin ailə üzvləri, qazilər, və M. Allahverdiyev adına Çullu kənd orta məktəbinin müəllim və şagird kollektivi anım tədbirində iştirak ediblər.
Əslən Cəbrayıl rayonunun Dağtumas kəndindən olan Anar Məmmədov 6 iyun 1984-cü ildə dünyaya gəlib. Vətən müharibəsinin qəhrəmanlarından olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan döyüşlərdə Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda əzmlə mübarizə aparıb. Kapitan Anar Məmmədov, döyüş meydanında yaralı hərbçiləri xilas edərək böyük cəsarət göstərib və 3 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Anım tədbirində çıxış edənlər şəhidlərimizin fədakarlığını vurğulayıb və onların unudulmayacağını bildiriblər. Onların canları, qanları bahasına əldə edilən bu qələbə xalqımızın qürur mənbəyidir və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi daim yaddaşlarda yaşayacaq.
Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlər Vətənin və xalqımızın qürurudur.