“Toyla səhnə birləşib, görün toyları kimlər idarə edir, bu dəhşətdir”
“Hazırda Moskvadayam. Kinofestivalda çıxış etmək üçün buraya gəlmişəm. Rusiyadan məxsusi olaraq Azərbaycandan məni dəvət ediblər. Çox gözəl konsert proqramı baş tutdu. Özbəkistandan və bir çox MDB ölkələrindən məşhur müğənnilər də çıxış edirdilər. Mən “Sevgilim” mahnısını səsləndirdim. Hər kəsin marağına səbəb oldu. Mahnını səsləndirəndə arxada böyük monitorda 60-cı illər Bakısının görüntüləri nümayiş olunurdu. Çox gözəl qarşıladılar. İnşallah noyabr ayının sonunda yenidən Bakıya qayıdacağam”.
Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, bəstəkar Sərxan Sərxan deyib.
O daha sonra bildirib ki, heç vaxt müğənni olmaq istəməyib.
“İdmanla məşğul idim, “Neftçilər” komandasında avar çəkirdim. Moskvaya təhsil almağa gedəndə məşqçi mənə dedi ki, hara gedirsən? Sən elə bilirsən ki, vaxt gələcək məşhur müğənni olub “Yaşıl teatr”da konsert verəcəksən?! Sən güclü idmançı olacaqsan! Dedim ki, baxarıq da. Müğənni olmağı qarşıma heç vaxt məqsəd qoymamışam. Heç kəs yaxınlaşıb deməyib ki, sənin gözəl səsin var. Adətən kimsə görür, qabağa çəkir. Məndə belə olmayıb. Amma 14 yaşından gitara ifa edirəm. Getdim Moskvaya, imtahan verdim və qəbul oldum. Gitarada ifa edə-edə oxumuşam. Gördüm ki, bu məndə yaxşı alınır və bir-birinin ardınca mahnılar yarandı”, – deyə Xalq artisti qeyd edib.
Xalq artisti bildirib ki, toyla səhnə arasında pərdə olmalıdır: “Bütün ayın 25-26 günü qastrol səfərlərində olurdum. Moskvada və ətraf bölgələrdə çıxışlarım olurdu. Bir çoxu da dövlət tədbiri idi. O zaman bir çox həmkarlarım toylara gedirdilər. Mən getmirdim, çünki toy müğənnisi deyildim, heç toy repertuarını da bilmirdim. Səhnədən yaxşı qazanırdım. Yalandan deyə bilmərəm ki, toya dəvət etmirdilər. Dəvətlərim olurdu. O vaxt görün kimlər toylara gedirdilər?! Toylarda da səviyyə var idi. İndi toya gedən müğənnilərə baxın, dəhşətdir! Fərq o dəqiqə hiss olunur. O vaxt toy başqa idi, səhnə başqa. İndi toy səhnədədir. Toyla səhnə birləşib. Toy mahnıları səhnədə də oxunur, toyda da. Amma o vaxt fərq var idi, qadağalar qoyulurdu. İnsanların zövqləri müxtəlifdir”.
Əli ƏSGƏR