İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "kartdan-karta" ödəniş üsuli ilə işləyən obyektlərə qarşı mübarizəyə başlayıb.
Qurumdan bildirilib ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Son günlər onlarla sahibkar "kartdan-karta" ödəniş üsuli ilə işlədiyi üçün cəzalandırılıb. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırıb ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
"Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır", - qurumdan bildirilib.
"Kartdan-karta" ödənişi vergidən yayınmaya səbəb olur.
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, kartdan-karta atmaqla ödəniş vergidən yayınmaya səbəb olur:
“Ümumiyyətlə, "kartdan-karta" pulun köçürülməsi nağdsız ödənişlərin bir üsuludur. Kartdan köçürülən pulun hansı hesaba köçürülməsi önəmli amildir. Bu gün müxtəlif ictimai iaşə müəssisələrində, ticarət yerlərində "kartdan-karta" ödəniş üsulu birbaşa vergidən yayınma məqsədini daşıyır. Bunun bilavasitə mənfi tərəfi vergidən yayınma, iqtisadi şəffaflığı tormuzlama kimi xarakterizə oluna bilər”.
Hüquqşünas Əkrəm Həsənov vurğulayıb ki, bununla mübarizənin effektivliyi ancaq şəxslərin şikayəti ilə mümkündür:
“Bu gün müxtəlif ictimai iaşə müəssisələrində, ticarət yerlərində kartdan-karta ödəniş üsulu birbaşa vergidən yayınma məqsədini daşıyır. Şəxslər belə hallarla qarşılaşdıqda ödənişi belə etməkdən imtina etməli və aidiyyəti üzrə bunu şikayət etməlidirlər. Yalnız bu zaman belə hallarla mübarizə effektiv ola bilər. Hazırda hər hansı hüquqi və ya fiziki şəxs hansısa əmtəni aldıqda ondan "kartdan-karta" atmaqla ödəniş tələb oluna bilər. Prinsipcə nağd ödəniş də mümkündür. Nağd pul verdikdə kimsə gəlib deyə bilərmi ki, niyə bu cür pul verdiniz? Pul verməyimə heç bir məhdudiyyət yoxdur. Mən deyəcəm ki, pulu mal almaq qarşılığında yox, dostum olduğu və ya borcum olduğu üçün verirəm. "Kartdan-karta "ödənişdə vəziyyət eynidir. Dövlət orqanı gəlib deyə bilməz axı, pulu niyə "kartdan-karta" vemirsiniz. Pul mənimdi verdiyim adam da mənim tanışımdır. Kimsə bu barədə gərək şikayət etsin ki, nəsə olsun”.