Bəs ən çox kişilər, yoxsa qadınlar xəyanət edir? Amerika alimləri bu barədə maraqlı tədqiqat həyata keçiriblər. Araşdırmanın nəticəsində kişilərin daha çox öz partnyorunu aldatdığı ortaya çıxıb. Ən maraqlısı isə budur ki, sözügedən fakta bizim cəmiyyətdə münasibət birmənalı deyil. Bir sıra şəxslər iddia edir ki, qadınlar daha çox xəyanətkardır. Ancaq bunu gizlədə bilməkdə mahir olmaqları onları statistik rəqəmlərdən uzaqda saxlayır.
Ölkə.az xəbər verir ki, “Yeni Sabah”a açıqlama verən psixoloq Fuad Əsədov mövzunu belə dəyərləndirib:
“Ümumiyyətlə, gəlin, birinci xəyanətin nə olduğuna baxaq. Əgər xəyanət deyəndə tərəflərdən birinin digərinə cinsi olaraq, yəni başqası ilə cinsi əlaqədə olaraq öz tərəfdaşına, partnyoruna xəyanət etməsindən söhbət gedirsə, burada əlbəttə ki, kişilərin və qadınların təbiətinə göz gəzdirməliyik. Ümumiyyətlə, hər bir canlının ən güclü instinklərindən biri çoxalma instinktidir. Bu, kişilərdə də, qadınlarda da belədir. Amma məsələ burasındadır ki, qadınlar ildə bir uşaq dünyaya gətirə bilərlər, kişilərdə isə belə bir limit yoxdur. Ona görə, avtomatik olaraq, kişilər təbiəti etibarilə qadınlardan daha şorgöz olurlar. Bununla yanaşı, qadınlar uşağa hamilə qaldıqları və bu hamiləliyin əziyyətini yaşadıqları üçün özlərinə tərəfdaş seçməkdə də daha diqqətli olurlar və onlar kişilər qədər rahat ola bilmirlər. Bu, heyvanlar aləmində də belədir. Məsələn, erkək bir heyvan dişi ilə cütləşmək istədiyi zaman ona yaxınlaşır. Dişi isə həmin erkəyin sədaqətini sınayır. Çünki sınamasa, erkək onunla cütləşdikdən sonra gedə bilər və bu zaman dişi doğulacaq balasını tək başına böyütməli və bütün bu əziyyətlərə tək başına qatlanmalı olacaq. Ona görə də dişi naz edərək erkəyin sədaqətini yoxlayır. Erkək isə bunu bildiyi üçün dişinin yuvasının ətrafından uzaqlaşmır və beləcə öz sədaqətini sübut eləmiş olur. Nəhayət dişi güvənir və həmin erkəklə cütləşir. Bundan sonra erkək təbii ki, uzaqlaşa bilər, amma uzaqlaşmır. Niyə? Çünki uzaqlaşsa, cütləşmək üçün başqa bir partnyor tapmalıdır və bütün bu əziyyətə başdan başlamalıdır. Ona görə erkək instinkti belə düşünür: Bu dişini tapmışkən artıq bununla birgə yaşayım və ondan uzaqlaşmayım. Diqqət etsəniz, eyni proses demək olar ki, insanlarda da var”.
Psixoloq bildirib ki, bu məsələdə insanlar və heyvanlar arasında sadəcə bir fərq var:
“İnsanların davranışlarına hər zaman sadəcə bioloji faktorlar yox, həm də sosial faktorlar təsir göstərir. Aydın məsələdir ki, Amerikada, Fransada, İtaliyadakı insanların həyat tərzi ilə Azərbaycandakı və ümumiyyətlə bir çox şərq, ya da Asiya ölkələrindəki insanların həyat tərzi bir-birindən fərqlənir. Məsələn, Amerikada kişilərin təxminən 20-25% xəyanət edir, qadınların isə 10-15%. Fransada bu rəqəm biraz daha yüksəkdir, kişilərin təxminən 50%, qadınlarında 30% xəyanət edir. Almaniyada qadınların 30% kişilərində 50% xəyanət edir, amma dediyim kimi, Şərq ölkələrinə tərəf gəldikcə bu rəqəm azalır, xüsusilə qadınlarda azalır. Belə ki, statistik olaraq, qadınların 10-15%-i bizim ölkədə xəyanət edir. Bu, təbii ki, mədəniyyət fərqlərindən və bizim cəmiyyətdə mövcud olan müəyyən tabulardan, yaxud ki, müəyyən mənəvi dəyərlərdən asılıdır. Ona görə də mən qadınların Azərbaycanda daha çox xəyanət etdiyini düşünmürəm. Bu rəqəmin Amerikadan ya da Avropadan çox olduğunu da düşünmürəm, hətta bu heç inandırıcı deyil. Bu, sadəcə şayiədir və bəzi insanların bəlkə də aqressiya ya da kədərlə dediyi bir cümlədir. Amma istər psixoloji faktorları, istər sosial faktorları, istərsə də mənəvi dəyərləri nəzər aldıqda mən Azərbaycanda qadınların digər ölkələrə nisbətən az xəyanət etdiyini düşünürəm”.