Futbol üzrə İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin son 2 turunda keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İsveç yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin son 2 turunda Slovakiya və Azərbaycan milliləri ilə qarşılaşacaq. Baş məşqçi Yon Dal Tomasson C Liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan milli komandasına qarşı evdə baş tutacaq matçlara 23 futbolçu dəvət edib.
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qapıçılar: Viktor Yohansson (“Stok Siti”, İngiltərə), Kristoffer Nordfeldt (AIK), Yakob Videll Zetterström (“Derbi Kaunti”, İngiltərə);
Müdafiəçilər: Qabriel Qudmundsson (“Lill”, Fransa), İsak Hien (“Atalanta”, İtaliya), Emil Kraft (“Nyukasl”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), Ken Sema (“Uotford”, İngiltərə), Erik Smit (“Sankt Pauli”, Almaniya), Karl Starfelt (“Selta”, İspaniya), Daniel Svensson (“Nordsyelland”, Danimarka);
Yarımmüdafiəçilər: Yasin Ayari (“Brayton”, İngiltərə), Lukas Berqvall (“Tottenhem”, İngilərə), Uqo Bolin (“Malmö”), Niklas Eliasson (AEK, Yunanıstan), Emil Forsberq (“Nyu York Red Bullz”, ABŞ), Yesper Karlström (“Udineze”, İtaliya), Uqo Larsson (“Ayntraxt”, Almaniya), Sebastian Nanasi (“Strasburq”, Fransa), Anton Saletros (AIK);
Hücumçular: Viktor Dyökereş (“Sportinq”, Portuqaliya), Alexander İsak (“Nyukasl”, İngiltərə), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə).
Qeyd edək ki, İsveç yığmasının Azərbaycan millisi ilə qarşılaşması noyabrın 19-da “Strouberri Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.